30 noyabr 2020 21:30
990

Ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən oğullar

Milli Ordumuzun rəşadəti sayəsində zəfərlə başa çatan 44 günlük Vətən  müharibəsi haqqında hələ çox danışılacaq. Hərbi xronikalarda, bədii əsərlərdə, sənədli filmlərdə əksini tapacaq bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı. Aradan illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər Azərbaycanda  daim fəxr və qürur hissi ilə xatırlanacaq.

Milli Ordumuzun həm müasir silahları, həm döyüş hazırlığı, ən əsası isə zabit və əsgərlərimizin mərdliyi, əzmi və zabitlərimizin peşəkarlığı qısa vaxt çərçivəsində düşmənin “məğlubedilməz ordusu”nu darmadağın edərək onun başıpozuq qruplaşmalardan  ibarət olduğunu real şəkildə meydana qoydu.  Düşmənin silahlı  bölmələri   üçün kabusa çevrilən  Azərbaycan Ordusunun güclü olduğunu  hətta ermənilərin  yüksək  çinli zabitləri də etiraf etdilər: “Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu sanki hiss etmirdi. Terminator kimi üzərimizə gəlməkdə davam edirdi. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyildi...”

Döyüş zamanı  yaralanan silahdaşlarını çiyninə alıb yüksəklikləri fəth edən  döyüşçülərimizin igidliyi dillərdə əzbərdir.  Güclü ordunun əsgəri də  mətin olur, Vətənin, xalqın  haqlı mübarizəsinin önündə gedir,  ölüm-dirim savaşında rəşadət göstərir.  Bu  Vətən  müharibəsində  ordumuzun  əsgər və zabitləri,  savaşa  könüllü  qatılan  Azərbaycan  oğulları qəhrəmanlıq, hərb sənətində  cəngavərlik  nümayiş etdirdilər. İllərlə həsrətində olduğumuz ana yurdun torpaqlarını qanı-canı  bahasına işğaldan azad edən, Qarabağ səmasında üçrəngli bayrağımızı dalğalandıran  hərbçilərimizə  indi körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs böyük rəğbət bəsləyir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, dövlət bayrağımızla  birgə  şəhər və kəndlərimizin ən mötəbər  guşələrini qəhrəman  əsgər və  zabitlərimizin  şəkilləri ilə bəzəyirlər. Təbii  ki,  belə  igid oğulların  həyatı, döyüşlərdə göstərdiyi şəxsi nümunə gənc nəsilin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacaqdır.

Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşı aparan ərənlər cərgəsinə   iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun davamçıları olan cəsur tankçılarımız Amid və Pərvin Həsənov qardaşları da şərəfli  iz qoyublar.

Qeyd edək ki, qardaşlar  bu  ilin sentyabrın əvvəllərində Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən "Tank biatlonu - 2020" yarışının final estafetində iştirak ediblər. Rusiya, Çin və Belarus komandaları ilə yarışan  Azərbaycan tankçıları final mərhələsində 16 ölkə arasında dördüncü yeri tutublar. Ölkəmizi dünya tankçılarının yarışlarında təmsil edən qardaşlardan biri - Pərvin Həsənov sentyabrın 27-dən  “dəmir pələngi”  ilə  Vətən müharibəsinə qatılıb, sərrast atışla düşmənin  neçə-neçə  hədəfini darmadağın  edən cəsur tank heyəti sədləri aşaraq irəliyə - zəfərə doğru irəliləyib.  Cəbrayıl rayonu istiqamətində döyüşlərdə ağır yaralanıb. Sol qolu amputasiya olunan Pərvin  Həsənov artıq sağalıb və  bugünlərdə doğma el-obasına –Masallı rayonunun Xırmandalı kəndinə qayıdıb.  Cəsur tankçımızı həmkəndliləri böyük coşqu ilə  qarşılayıblar. Hərbçimizin anası Şəfayət Həsənova  döyüşə atılan  doğma  övladlarına “ya şəhid ol, ya qazi deyən”  mərd  Azərbaycan qadınlarındandır. Deyir: "İki oğlum cəbhədə idi. İkisi də tankçıdır. Biri qazi olaraq gəlib, digəri isə tank komandiridir. Fəxr edirəm ki, belə övladlarımız var, lazım gəlsə bu oğlumu yenə Vətən naminə  savaşa yollayarram, təki Vətən sağ  olsun!"

 Pərvinin atası Telman Həsənov deyir ki,  mən təkcə  öz oğlanlarımla deyil, torpaqlarımızın azadlığı uğrunda döyüşən  bütün əsgər və zabitlərimizlə qürur duyuram. Bütün şəhid analarının önündə baş əyirəm.

Bəli, bu, bizim sevdiyimiz, fəxr etdiyimiz, güvəndiyimiz ordumuzun qoçaq əsgər və zabitlərinin ata-analarının ürək sözləridir.  

N.Muğanlı,

“İki sahil”