04 iyun 2020 10:09
1496

Uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi günümüzün əsas çağırışlarındandır

Dövlətimizin başçısı İlham Əliyevin 2 iyun 2020-ci il tarixli  Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası» gələcəyə hesablanmış  hədəflərin gerçəkləşməsinə stimul olacaq

      Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Kiçik dövlət kimi dəyərləndirilən ailə modelləri fərqlilikləri ilə diqqət çəksə də, ümumi tələb uşaqların sağlam ruhda tərbiyə olunması, Vətəninə, xalqına bağlılığıdır.  Möhkəm təməl üzərində qurulan çoxmərtəbəli binanın mərtəbələrini artırmaq nə qədər asandırsa, bünövrəsi düzgün qurulan ailənin tərbiyə mexanizmləri də təkmil olacaq, o ailədə dünyaya göz açan övladların sağlam ruhda tərbiyəsi çətin olmamaqla  yanaşı, özəlliyi ilə diqqət çəkəcək. Mərhələli proses fonunda  bu məqsədə nail olmaq təbii ki,  böyük fədakarlıq, səy,  ən əsası diqqət və qayğı tələb edir. Çünki uşaqlar böyüdükcə  bağça, məktəb həyatı onların zaman-zaman  bir şəxsiyyət kimi formalaşmalarında əhəmiyyətli rol oynayır. Dil açarkən ana, Vətən sözlərini böyük şirinliklə dilə gətirən gələcəyimizin qəhrəmanları artıq bağça həyatında bu sevgilərini  titrəyən barmaqları arasında  sağa-sola vuran qələmlərlə çəkilən rəsmlərdə, öyrəndikləri  şeirlərdə, oxuduqları  nəğmələrdə  öz ifadəsini tapır. Bağça həyatlarını məktəb qayğıları ilə əvəzləyən körpələr bir göz qırpımında keçən illərdən qazandıqlarını ali məktəb pillələrini addımlamaqda,  dövlətinə, xalqına, Vətəninə, torpağına bağlılıqda nümayiş etdirirlər.  Bir sözlə,  ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti olan uşaqları fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilməli, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilməlidir və edilir.

   Bu,  gələcəyimiz olan uşaqlarla bağlı məsələnin bir tərəfidir. Əsas olan onların inkişafında,  bir şəxsiyyət kimi formalaşmalarında dövlətimizin həyata keçirdiyi siyasət,  tədbirlər, uşaq bağçalarının, məktəblərin dövrün, zamanın tələblərinə uyğun olaraq qurulması, maddi-texniki bazalarının möhkəmləndirilməsi, uşaqların bilik və bacarıqlarının artırılması üçün əlavə imkanların yaradılmasıdır. «Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda, bu, yüksək tərbiyə ocağıdır» söyləyən ümummilli lider Heydər Əliyevin məktəb tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüksək ixtisaslı  müəllim heyəti ilə təmin edilməsinə  diqqət və qayğısı da bu  tezisdən irəli gələn addımlar idi.

  Bu mühüm addım da ölkəmizdə qadın və uşaq siyasətinin prioritetliyini təsdiqləyir.  Ulu öndər Heydər Əliyevin  14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində  bu sahədə mövcud olan problemlərin həlli istiqamətində  məqsədyönlü  işlər həyata keçirmişdir.  Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə  əlaqəli surətdə  kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdiyi üçün  dövlətimizin  başçısı İlham Əliyevin  6 fevral 2006-cı il tarixli Fərmanı ilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən dövr ərzində  uşaqlarda liderlik keyfiyyətlərinin formalaşması, öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək imkanı yaratmaq məqsədilə uşaqların iştirakı ilə mütəmadi olaraq  müxtəlif tədbirlər həyata keçirir.

  Son 16 ildən artıq dövrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  gördükləri işlərin, atdıqları addımların, imzalanan Fərman və sərəncamların, təsdiqlənən Dövlət proqramlarının xronologiyasına diqqət  yetirmək kifayətdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2009-cu il ölkəmizdə «Uşaq ili» elan edilmişdir. Bu, uşaqlara verilən dəyərin, aparılan uşaq siyasətinin bariz nümunəsi idi. «Uşaq ili» çərçivəsində ölkəmizdə  həyata keçirilən bütün proqramlar, layihələr uşaqların inkişafına böyük töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu fikri önə çəkir ki, görülən işlər yalnız qeyd olunan illə məhdudlaşmamalı, davamlı xarakter almalıdır. Bu gün bu fikri böyük əminliklə qeyd edirik ki,  müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Regionlarda, ən ucqar kəndlərdə belə  uşaq bağçaları fəaliyyət göstərir.

  Dövlətimizin başçısı İlham Əliyevin 2 iyun 2020-ci il tarixli  Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası» da bu diqqət və qayğının tərkib hissəsidir.  Sənəddə də bu məqam öz əksini tapıb ki, Azərbaycan  müstəqilliyinin ilk illərində BMT-nin «Uşaq hüquqları haqqında Konvensiyası»na qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirmişdir. Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” ölkəmizdə  uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqları müdafiənin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycanda uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. Statistikaya diqqət yetirsək, görərik ki,  2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin 26,2 faizini, yəni 2636,8 min nəfərini uşaqlar təşkil etmişdir.  Təsdiqlənən Strategiyanın əsas məqsədi də Azərbaycanda  uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, ölkə ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir. Prioritet istiqamətlərə gəldikdə isə əsas diqqət göstərilən məsələlərdən biri  uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi və sairdir.  Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki Fəaliyyət Planının reallaşması ilə təmin edilir. Qeyd olunan dövr ərzində sənədin icrasından gözləntilər uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşdırılması, uşaqların istedadlarının və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyinin artırılmasıdır.

  Hər bir məsələnin həllində maarifləndirmə işinin  lazımi səviyyədə qurulmasının daşıdığı önəmi nəzərə alsaq, Strategiyanın məqsəd və məramının,  icrasından gözləntilərin ictimaiyyətə çatdırılmasında,  insanların  fikir və rəylərinin öyrənilməsində yazılı və  elektoron KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyü aydın şəkildə görünür. Təbii ki, bugünümüzün əsas çağırışları sırasında olan yeniyetmə və gənclərin milli ruhda tərbiyəsi,   pis vərdişlərdən uzaq olması, onların cəmiyyət üçün sağlam vətəndaş kimi yetişmələri, dövlət maraqlarını hər şeydən üstün tutmalarıdırsa,  təbliğatın yüksək səviyyədə həyata keçirilməsi bir tələbdir. Daim vurğulandığı kimi, dövr dəyişir, qarşıya yeni-yeni vəzifələr qoyulur. Ən əsası hər dövrün, zamanın öz tələbləri  vardır. Bu tələblər isə öz növbəsində uşaqların normal tərbiyəsinə bir çağırış edir.

    Uşaqlara diqqət və qayğıdan bəhs edərkən Heydər Əliyev Fondunun xidmətlərinə diqqət yetirməmək mümkünsüzdür.   Humanizm pirinsiplərinə əsasən fəaliyyət  göstərən, başlıca  missiyası  insanlara xeyirxahlıq göstərmək, milli- mənəvi dəyərlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək  olan Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə  həyata keçirilən layihələrin    əsasında  uşaqlara qayğı xüsusi olaraq  öndə dayanır. Körpələrin  fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən  Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və  qayğıdır. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə  təşkilinə diqqəti artıran  Mehriban xanım Əliyeva  körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən  çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata  qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanıma ünvanlanan  minnətdarlıq məktublarının sayı sonsuzdur.  «Diabetli uşaqlara  ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankının   yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir. Pandemiya dövründə Heydər Əliyev Fondu tərəfindən başlanan qanvermə aksiyası da deyilənlərin təsdiqidir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu aksiyaya könüllü şəkildə qoşulanlara təşəkkürünu belə ifadə etmişdir: «Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə  üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi… Qoy, xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!»

   Valideyn hamayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən «Hər uşağın ailəyə ehtiyacı var» söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə- heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin  həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən  imzalanmış  «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı»nın uğurlu icrası da bu tərkibdəndir. 

       Uşaqların mənəvi tərbiyəsində məktəblərin rolunu nəzərə alsaq, Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri kimi  təhsilin inkişafına yönələn layihələrini də xüsusi qeyd etməliyik.  Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasını başlıca vəzifə kimi  irəli sürən Heydər Əliyev Fondunun  «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsini həyata keçirməsi də bu istəkdən irəli gəlir. Belə ki, layihə çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Qeyd edək ki, bu layihə çərçivəsində 2 mindən artıq məktəb tikintisi, yaxud yenidən qurularaq istifadəyə verilməsi həyata keçirilib.

    Göründüyü kimi, uşaqlara diqqət və qayğıdan irəli gələn addımların miqyası genişdir. Atılan hər bir addımda məqsəd uşaqların xoxbəxt gələcəyini təmin etməkdir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşımında bildirmişdir: “Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!” Bu arzu, eyni zamanda, dövlətimizin uğurlu uşaq siyasəti fonunda  2020-2030-cu illər üçün nəzərdə tutulan  Strategiyada əksini tapan  hədəflərin gerçəkləşəcəyinə əminliyimizi ifadə edir,  gələcəyimiz olan uşaqların bu diqqət və qayğının yaratdığı imkanlardan lazımi səviyyədə bəhrələnmələrini arzulayırıq.

Yeganə Əliyeva,

«İki sahil»