09 oktyabr 2019 10:39
100

“Valday nidası”nın Ermənistandakı posttravmatik təzahürləri...

Son günlər Ermənistan mətbuatına nəzər salanda manşetlərdə yer alan başlıqlardan da aydın olur ki,  işğalçı ölkədə çalxalanmalar səngimir. Azərbaycan Prezidenti İlham Əliyevin  “Valday” Beynəlxalq Diskussiya Klubunun XIV sessiyasındakı sərt və yaddaqalan çıxışı hələ də Ermənistan gündəminin əsas mövzularındandır.

Erməni şərhçi S.Ohanisyanın “armenianreport.com” saytında yer alan  növbəti yazısından da bəlli olur ki,  işğalçı ölkədə  hələ də “Valday”dakı “nida”nın travması yaşanır. 

Müəllif yazır: “İncidən cəhət odur ki, hələ də nə Lavrov, nə Zaxarova, nə Valday Forumunun təşkilatçıları Prezident Əliyevin  Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı və ayrılmaz hissəsi olması ilə bağlı fikirlərini heç olmasa yumşaltmaq üçün lazımi açıqlamalar verməyiblər...”

Vaxtaşırı öz baş nazirlərinin sərsəm açıqlamalarından az qala eyforiyaya qapılıb  Dağlıq Qarabağı  Ermənistana aid hesab edən debil düşüncəli  şərhçi həqiqətənmi elə güman edirmiş ki, Valday Forumunda bütün dünyanın bildiyi bir həqiqətə sonradan təşkilatçılar təkzib verməlidirlər?  Prezident İlham Əliyevin illərdir apardığı məqsədyönlü xarici siyasət nəticəsində artıq beynəlxalq ictimaiyyət  Azərbaycan həqiqətlərindən halidir və  Qarabağın  Azərbaycanın ayrılmaz hissəsi olması faktını qəbul edir. Ermənilər isə bu həqiqətdən agah olduqlarına baxmayaraq hələ də başını quma gömən dəvəquşu pozasında yalanlar  tirajlamağa davam edirlər.

Azərbaycan Prezidentinin “nida”sı S. Ohanisyanı elə dərindən hiss-həyəcana qapdırıb ki, müəllif  yaralı buraxılmış goreşən kimi hara gəldi hücum edib: “ Biz indi Valday Forumundan sonra necə deyə bilərik ki, Rusiyadan və onun elitasının davranışından razıyıq?!”

Ermənistan mediasının təkcə Azərbaycana qarşı deyil, həm də vaxtaşırı Rusiyaya öz aqressiv ifadə  tərzi və qərəzliliyi ilə seçilən digər bir müəllifi Tevos Arşakyan da Azərbaycan Prezidenti İlham Əliyevin “Valday nida”sından travmatik nəsibini alanlardandır: “Yerevanda Ermənistanla Rusiyanın strateji müttəfiqliyi haqqında “aforizmi”ni  ucadan səsləndirmək lazım deyil. Biz vaxtaşırı bu ifadənin necə biabırçılıqla fiaskoya uğradığına şahid oluruq.  Rusiya sözdə Ermənistanı strateji tərəfdaş adlandırır, ancaq əməldə Azərbaycan əsl strateji müttəfiqlik həyata keçirir. Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərini daha da inkişaf etdirməsi Ermənistanı narahat etməlidir. Azərbaycan Prezidenti  Əliyev Rusiyadan növbəti silah partiyasını alacağını bu yaxınlarda Valday Forumunda bir daha bəyan etdi. Baxın, Ermənistanla boş danışıqları seçən Rusiya Azərbaycanla konkret silah partiyası tədarük etmək haqqında söz açır. Azərbaycan Prezidenti Valday Forumunda açıqca bəyan etdi ki,  Rusiya ilə hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Rusiyadan texnika alınması çərçivəsində iki ölkə arasında imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb”.  Bu istiqamətdə işi davam etdirmək niyyətində olduğunu vurğulayan Azərbaycan Prezidenti 2 milyard dollarlıq silah tədarükünün də tezliklə gerçəkləşəcəyini bildirib. Azərbaycan Prezidentinin bu bəyanatları Ermənistan üçün böyük qorxu və təhdiddir.  Bəyəm Putin bilmir ki, gündən-günə qüdrətlənən Azərbaycan niyə dayanmadan silah tədarük edir?!”

İşğlaçı ölkənin şərhçisi Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması faktını böyük təlaşla yazısında vurğulayıb.

Müəllifin  ritorik sualına kiçik haşiyə çıxaraq davam edək. Erməni şərhçinin sualı ritorik intonasiyada səslənmiş olsa da cavab xeyli konkretdir: Bəli, Rusiya lap yaxşı bilir ki, Azərbaycan nə üçün öz hərbi potensialını gündən-günə gücləndirir və müasir silahlar tədarük edir:  əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapmayacağı təqdirdə Azərbaycanın  hərb yolu ilə öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etmək  üçün!

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi fikirlər erməni mətbuatında həmişə xüsusi diqqətdə saxlanılır və bu bəyanatların Ermənistan üçün hansı nəticələr doğura biləcəyi əndişə notları ilə sözügedən ölkənin mediasında geniş təhlil edilir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Ermənistanın zəif ordusunun  darmadağın ediləcəyi ilə bağlı qorxularını ifadə edən jurnalist növbəti Aprel müharibəsinin olacağı ehtimalını da təlaşla qeyd edib. 

Ermənistanın illərdir duyduğu müharibə əndişəsinin  yox olması üçün isə Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, təcavüzkar ölkənin işğal etdiyi Azərbaycanın əzəli torpaqlarından qeyd-şərtsiz çıxmaqdan, işğal siyasətinə son qoymaqdan  başqa çıxış yolu yoxdur.

Sevinc Abdullayeva, “İki sahil”