15 noyabr 2019 20:12
1670

Vergi Məcəlləsinə növbəti dəyişikliklər: Qazanan kim olacaq?

Xəbər verildiyi kimi, 2020-ci ildə Vergi Məcəlləsinə növbəti dəyişiklik və əlavələr ediləcək. Bununla bağlı hazırlanan layihəyə görə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Nazir vurğulayıb ki, yeniliklər əsasən ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur. Həmçinin, riskli vergi ödəyicilərinə nəzarətin, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsini, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını özündə ehtiva edir. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb. 

Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Qeyd edək ki, hazırda bina tikintisi fəaliyyəti  az sayda lisenziya tələb edən sahələrdən biridir ki, burada sadələşdirilmiş vergi tətbiq edilir.

Bundan başqa, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində bu vergidən azad edilməsi gözlənilir. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılması ilə izah edilir.

Hərçənd ki, ekspertlər bir müddət əvvəl xüsusilə də heyvan ətinin ƏDV-dən azad olmasının bu məhsulun qiymətinin aşağı enəcəyi ilə izah edirdilər. Lakin bir məsələ də var ki, indiyədək heyvan əti satışına bu verginin tətbiq edilib-edilməməsi özü də sual doğurduğundan burada hansısa ucuzlaşma real görünmür. Nəticədə bu sahənin ƏDV-dən 4 illik də olsa azad edilməsi sahibkarların uçot-qeydiyyat sistemi yaratmalarını  stimullaşdırmaq məqsədi daşıyır. Aydın məsələdir ki, əhalinin əsas istehlak məhsullarından olan heyvan ətinin satışının kifayət qədər böyük dövriyyəyə malik olmasını nəzərə alanda bu sahədə uçot-qeydiyyat sisiteminin olmaması dövlət büdcəsini əhəmiyyətli miqdarda vergi gəlirlərindən məhrum edir. 

Məcəllədə, həmçinin elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi, ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşma (kassa metodu), yalan əqdlər və riskli vergi ödəyicilər, aksiz dərəcələrinə yenidən baxılması, POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi,  sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə, mərkəzləşdirilmiş qaydada uçota alınma, beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi və s. kimi məsələlər yer alıb.

Belə görünür ki, qarşıdakı illərdə vergi gəlirlərinin artırılması ölkə iqtisadiyyatının “kölgə”dən çıxarılması vasitəsilə həyata keçirilməsi  davam etdiriləcək. Məsələ burasındadır ki, iqtisadiyyatın əhəmiyyətli hissəsinin “kölgə”də qaldığı müddətdə bu sahədə atılan müxtəlif sərtləşdirici addımlar sahibkarlığa zərbə olmaqla yanaşı, neqativ halların artmasına da şərait yaradır.  

Nəticə etibarilə ölkə iqtisadiyyatında uçot sisteminin tam bərqərar olması ədalətli vergi sisteminin tətbiqinə, eyni zamanda sahibkarlığın qarşısında duran əngəllərin tam və vaxtında aradan qaldırlmasına imkan verə biləcək. Bununla da qazanan həm dövlət, həm də sahibkarlar olacaq.

Ceyhun Piriyev, “İki sahil”