16 yanvar 2019 10:45
358

Vergi və gömrük sahələrindəki islahatların dövlət büdcəsinə təsiri

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində toxunduğu məsələlərdən biri də  vergi və gömrük sahələrində aparılan islahatlarla bağlı olub. Dövlətimizin başçısı bildirib ki,  bu sahələrdə sağlamlaşdırma prosesi ölkəmizin maliyyə imkanlarını genişləndirir:

“Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir.”

Prezident İlham Əliyev vurğulayıb ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsi böyük dərəcədə artıb: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq.”

Eyni zamanda, vergi sahəsində də çox dərin islahatların aparıldığını qeyd edən ölkə başçısı  bildirib ki, əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, artıq növbəti illərin vergiləri yığılırdı və sahibkarlara qarşı əsassız tələblər irəli sürülürdü: “Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir.”

Ötən ilə nəzər salanda aydın olur ki, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə isə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

Bununla da DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 2018-ci il üzrə əvvəlki proqnoza görə 2 milyard 430 milyon manat olmuşdusa, dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərində bu mənbə üzrə 760 milyon manat daha çox -  3 milyard 190 milyon manat  proqnozlaşdırılmışdı.

2017-ci ildə isə DGK-nın xətti ilə dövlət büdcəsinə 2 milyard 608 milyon 800 min manat daxil olub. 2019-cu ildə bu göstəricinin 3 milyard 702 milyon 600 min manat olacağı proqnozlaşdırılıb. 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın idxalı 11 milyard 465 milyon ABŞ dolları olub ki, bu da 2017-ci illə müqayisədə 2 milyard 683 milyon dollar çoxdur. Bu mənada DGK-nın xətti ilə büdcə daxilolmalarının artımında sağlamlaşdırma prosesi ilə yanaşı, idxal amilinin də rolu əhəmiyyətlidir.

Vergilər Nazirliyinin xətti ilə daxilolmalara gəlincə, 2018-ci ildə  7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib. Belə ki, 2018-ci ilin əvvəlinə olan proqnoza görə bu dövlət orqanının xətti ilə büdcəyə 7 milyard 907 milyon manatın daxil olacağı nəzərdə tutulmuşdusa, dəyişiklikdən sonra bu göstərici 527 milyon manat azalaraq 7 milyard 380 milyon manat olmuşdu. 2019-cu ildə isə bu göstəricinin 7 milyard 316 milyon manat olacağı proqnozlaşdırılıb.

Bütün bunlar isə onu deməyə imkan verir ki, artıq kölgə iqtisadiyyatına son qoyulur və bu proses artıq  ötən ildən başlayıb. Dövlətimizin başçısının da sözügedən nitqindən belə nəticəyə gəlmək olur ki, hazırda kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparılır və gələcəkdə də aparılacaq. Bu isə özünü, ilk növbədə, vergi və gömrük sahələrindən dövlət büdcəsinə daxilolmaların artmasında göstərəcək. 

Ceyhun Piriyev, “İki sahil”