21 oktyabr 2020 18:51
4766

Vətən bağı al-əlvandır Ətrin gəlir, Xarı bülbül!

Hekayə

Əvvəl zaman içində Qarabağda xan nəslindən olan Ağabəyim adlı gözəl, işvəli nazlı bir şairə yaşarmış (atası Qarabağ xanı İbrahimxəlil xan). Şeirli-sözlü şairə təbiəti bir başqa sevərdi. Dağ döşündə əsrarəngiz görünən yamaclar, düzlər, ətəklərdə bitən güllər çiçəklər, heyranedici füsunkar gözəlliklər onun həyat enerjisini yüksəldər, əhval-ruhiyyəsini birə-beş qat artırardı. Təbiətə aşiq Ağabəyim güldən-çiçəkdən yazar, Vətənə şeirlər, bayatılar, mədhiyyələr həsr edərdi. Elə bu səbəbdən idi ki, saraya gələnlər Ağabəyim ağadan gözəl şeirlər dilərdi. O da bu istedadı ilə fəxr edər, təbini işə salıb, ilhamını dilləndirərdi. İlhamı təbiət olan Ağabəyim ağanın güllərə, çiçəklərə qarşı fərqli sevgisi vardı. İncə, zərif gözəlliklərin vəhdətindən aləmə işıq saçan güllüklər ona görə həyatın ağ qara hissəsinin rəngli fondu idi.  Ən çox sevdiyi gül isə  Şuşada bitən “Xarı bülbül” adlı gözəllər gözəli, dillər əzbəri bir gül idi. Nadir olan bu bitki yalnız bu yerlərdə bitirdi. Onun intizarlı duruşu, mədhiyyəli görünüşü rəngarəng güllər açan bağın tamamlanan yar-yaraşığıydı. Hər səhər adəti üzrə yuxudan oyanan kimi bağa tələsər, güllər içində incə duruşu ilə hər çiçəkdən seçilən xarı bülbülü salamlayar, iyləyib xoş sözlər deyər, ona sevgisini səmimi hissləri ilə ifadə edərdi. Sanki xarı bülbülün bu gözəlliyini, onun içindəki işığı yalnız Ağabəyim ağa görərdi. Kimliyindən asılı olmadan bu gülə kim baxsaydı ona heyran olardı. Özünəxas qəmzəli duruşu, cazibəli hüsnü hər kəsi valeh etmişdi özünə. Onu dərib bağına aparanlar da az deyildi. Gəl ki, kim onu bağında  aparıb əkmişdisə, “nazlı” gül “küsmüşdü” həmin bağdan, bağçadan. Elə açmadan saralıb solmuşdu yad bağçalarda. Ona görə Ağabəyim ağa elə hiss edirdi ki, bu gülü hamı görə bilər, amma onun kimi hamı baxa bilməz. Bu baxışlarda nələr yoxdu, nələr? Bu baxış Ağabəyimin xarı bülbülə bəslədiyi xüsusi sevgi hisslərindən ibarət idi. Aralarında elə bir bağ yaranmışdı ki, xarı bülbül də öz aşiqini görməyəndə boynunu bükər, kimsəsiz uzaqlara baxardı, gözləri yol çəkərdi. Bir az geciksəydi hər yerə səs salar, ətrafa boylanar, güllərdən, çiçəklərdən  öz aşiqini xəbər alardı. Xəbər almayanda da ağzını bıçaq açmazdı. Ta ki, uzaqdan hüzuruna gələn Ağabəyimi görüncəyə qədər.

Yenə görüşünə aşiqi gələcəyi gözlənilən səhərlərdən biri idi. Xarı bülbül adəti üzrə gözlərini bağın ayağına dikib öz aşiqini həyəcanla gözləyirdi. Bu hüzünlü simanın intizarında sanki həsrət, zalım ayrılıq, səbəbsiz vida vardı. İki gün idi ki, gülün görüşünə gələ bilməyən Ağabəyimdən heç bir söz, heç bir məlumat yox idi. Bağlar da, güllər də intizar dolu həyəcanlı günlərin əsirinə çevrilmişdi elə bil. Bu əsirlik, bu yoxluq nə qədər çəkəcəkdi, sonu vardı, yoxdu kimi suallar yalnız Ağabəyimin görüşə gəlməsi ilə aydınlana bilərdi. Başqa cür heç mümkün də deyildi. Amma Ağabəyim ağanın yoxluğunun ömrü günlərə, aylara çevriləndə, o da öz aşiqini gözləməyin, həsrətinə dözməyin yollarını axtarmağa başladı. Çarəsi iradə olan gülün bir yolu qalmışdı. Öz hüzünlü, intizarlı duruşuyla naləsini bağrına basıb, ah çəkib, dərd bəsləmək.

Bir səhər çağı günəşin şəfəq işıqlarını səmadan əsirgəmədiyi bir gün idi. Aydınlanan günün müjdəli sabahı uzaq ellərdən, ta İran diyarından gələn bülbül bağın sultanı “xarı bülbülün” hüzuruna endi. Qıy vurub gülün qarşısında dayandı. Xarı bülbül heç vaxt rastlamadığı bu quşun gəlişini xəbər almaq üçün soruşdu: – Ey göyləri qanadlarıyla fəth edib, buludları özünə heyran buraxan, uzaq ellərdən ta bizim bağa təşrif buyuran bülbül xeyirdimi gəlişin? Bülbülsə Ağabəyimdən soraq gətirmişdi:

Bağda əsir olma, gül,

Boynu bükük durma Gül,

Həsrət sona yetəcək,

Ayrılıqlar bitəndə.

Uzaq eldə əsirəm,

Könlüm olub qan bağır.

Səndən pənah güdürəm,

Danış barı, din, barı

Vətənimin dərdi var,

Qəmi var, yarası var,

Əgər ki, bağdan küssən

Sənsiz solar bağım Gül.

Bülbülün bu harayı gülün əhval-ruhiyyəsini lap dəyişdi. Ağabəyimin ətrini bülbüldən alan gül onu möhkəmcə sıxcalayıb, bərk-bərk qucaqladı. Elə möhkəm qucaqladı ki, bülbülün nəfəsi kəsildi, gülün sinəsində can verdi. Gülün ləçəkləri al qana büründü. Beləcə xarı bülbülün sinəsinə həkk olunan bülbülün son harayı, son fəryadı son həyəcanı, son nəfəsi oldu. Gül üçün bir bağdan ibarət olan həyat, günü-gündən əzab-əziyyətə çevrilən ömür, niskilli aşiq sevdası, yarımçıq qalan Ağabəyimin arzuları, həyat eşqini də söndürdü, arzularını da  elə yarı-yarımçıq qoydu. Xarı bülbül də o gündən başqa yerdə bitməyəcəyinə, başqa bağda çiçəkləməyəcəyinə, öz sevgisinə hər zaman sadiq qalacağına and içdi. Çünki Ağabəyimin sifarişini gətirən bülbülün son misraları onu bu sevgini Vətənində qorumağa sövq etdi. 

Vətəni  Şuşanın mərdlik, ərənlik, sevgi obrazına çevrilən xarı bülbül təkcə aşiq ayrılığı çəkmədi. Çox keçmədi o, həm də 30 il əvvəl Vətən sevgisinə möhtac qaldı. Şuşada ola-ola Cıdır düzünə həsrət qaldı. Əsirlik onun üçün daha da faciəvi oldu, onu daha da qəzəbləndirdi. Gizləndi yamaclarda, düşmənin əli dəyməsin deyə uzun müddət (30 il) özünü torpağın altında qorudu bu Vətən üçün. Amma hər zaman inandı. Ümidini heç vaxt itirmədi. Bir gün Vətənin azad torpağında əsirlikdən azad olacağı günləri saydı. Qulaqlarını tutaraq öldürülən Vətən övladlarının harayına qarşılıq, bir gün qisası alınacağı günü gözlədi. İlahi ədalətin qələbəsinə ümid etdi. Onu həyatda tutan bu əbədiləşən Vətən sevgisi idi. Nəhayət, 30 illik intizardan sonra Vətəninə, sevgisinə sadiq qalan gülün qulağına öz Vətənindən analarının qucağında ağlayaraq, soyuqdan donaraq gedən körpələrin səsləri fısıldadı. Necə də doğma səs. Necə də doğma nəfəs. “Ətrin gəlir xarı bülbül, dur ayağa nazlı Gül! Biz gəlmişik səni görməyə, ətrini duymağa, sənə bol-bol sarılmağa”. Mərdliyini, mənliyini, azadlığını, sevgini sənə qaytarmaq üçün burdayıq. Azadlığın mübarək, Xarı bülbülüm...

 Türkan Hüseynli