04 dekabr 2020 14:50
586

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

“Bu gün fərqli bir gündür. Qarabağın 30 ilə yaxın işğal altında qalması Azərbaycan xalqının qəlbində dərin yara açıb. Nəhayət, Azərbaycan qələbə çaldı. Bu qələbə bizim hamımızındır”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Rus kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının sədri arxiyepiskop Aleksandr İşein jurnalistlərə bildirib.

“Bu gün hərb meydanında Vətən uğrunda canlarından keçənlərin xatirəsi qarşısında borcumuzu yerinə yetiririk. Həm bu igidlərin, müharibə qəhrəmanlarının xatirəsini, həm də düşmənin dinc şəhərləri atəşə tutması nəticəsində həlak olmuş mülki vətəndaşların xatirəsini ehtiramla yad edirik”, – ruhani başçısı deyib.

Qeyd edək ki, Bakıdakı Müqəddəs Sülhpərvər Xatunlar Kilsəsində Qarabağ müharibəsinin şəhidlərinin xatirəsi xüsusi mərasimdə yad edilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə Vətən müharibəsində Silahlı Qüvvələrin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini yad etmək üçün dekabrın 4-də saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan olunmasına dair sərəncam imzalayıb.