01 iyun 2020 17:25
832

Vətəndaşlar Prezident İlham Əliyevə yazırlar: Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Ölkəmizin bütün regionlarındakı vətəndaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Lənkəran rayonunun Günəhir kəndindən Mirzəhüseyn Miriyev: “Hörmətli cənab Prezident! Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən Sərəmcamlarınızın nəticəsi olaraq, ölkəmiz COVID-19 virusundan ən az itki ilə qurtulmaqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, kasıb ailələrə, əlillərə edilən yardımlar xalqını, millətini sevən, onun sağlamlığını hər şeydən üstün tutan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır. Azərbaycanda qısa müddətdə bu gözəgörünməz düşmənlə mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innovativ sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlaması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemiyası dövründə xalqın sosial, maddi rifahı naminə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bu bəlaya az itki ilə qalib gəlməyiniz üçün Allahdan Sizə güc, qüvvət arzu edirəm. Qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız. Sizə və ailənizə Allahdan cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm.”

Şəmkir rayonunun Düyərli kəndindən  Kifayət İbrahimova: “Möhtərəm cənab Prezident! Bu pandemiya dövründə gördüyünüz tədbirlər üçün Sizə çox təşəkkür edirəm. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə yarada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən koronavirusla mübarizə dövrü də bunu bir daha göstərdi. Cənab Prezident, biz hər birimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq. Allah Sizi və ailənizi pənahında saxlasın.”

Salyan rayonunun Sarvan kəndindən Əməkdar mədəniyyət işçisi, şəhid atası Cahangir Qaraşov: “Möhtərəm cənab Prezident! Son illər ərzində Azərbaycanın bütün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Kənd təsərrüfatının inkişafı, insanlara qayğı və diqqət ürəyimizcədir. Xüsusilə, qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılmışdır. Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə yaşadığım Sarvan kəndinin ağsaqqalları, ziyalıları və şəhid ailələri adından Sizi təbrik edir, Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram.”

Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Qənbər Hümbətov: “Möhtərəm cənab Prezident! Vətəndaşların rahatlığı və sağlamlığı üçün verdiyiniz hər bir qərara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm insanların koronavirus xəstəliyindən qorunması, həm də iqtisadiyyatımızın böhrandan xilas olması ilə nəticələndi. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində böyük tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda dövlət və xalq birliyi güclüdür. Xalqın dövlətə, rəhbərliyə sevgisi və hörməti sonsuzdur. Ailəmiz adından bir daha Sizə minnətdarlıq edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Biz həmişə Sizi dəstəkləyirik.”

Salyan rayonunun Kürsəngi kəndindən Ağa Ağamaliyev, Nurlan Bürcəlizadə, Elşən Aydınov, İslam İmanov, Şamxal Məhərrəmov və başqaları: “Hörmətli cənab Prezident! Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir. Möhtərəm Prezident, pambıqçılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.”

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Xalidə Tapdıqova: “Əziz Prezidentimiz! Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb xalqı öz arxanızca aparmısınız. Pandemiya dövründə də çox ciddi tədbirlər gördünüz, Azərbaycan xalqını qorudunuz. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycan az itki verdi. Biz qocalara xüsusi həssaslıqla yanaşılması cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Ona görə də, bütün ailəmin adından Sizə çox-çox minnətdarlıq edirəm. Allah Sizə ailənizlə birlikdə möhkəm cansağlığı, uzun ömür versin.”

Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nicat İsmayılov: “Əziz Prezidentimiz! Dünyanı koronavirus adlı gözəgörünməz düşmənin silkələdiyi çətin bir zamanda xalqımızın sağlamlığı naminə gördüyünüz çox böyük işlər bu məktubu Sizə ünvanlamaq üçün mənə ruh və cəsarət verdi. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bu gün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz. Möhtərəm cənab Prezidentimiz, Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız koronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi. Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamlanır. Qoşulmama hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfrans Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu bir daha sübut etdi. Biz tələbə-gənclər bütün bunları görür, Sizinlə həmrəy olur, Sizinlə qürur duyuruq. Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarınızı ürəkdən bəyənirik və dəstəkləyirik.”