02 iyun 2020 13:10
860

Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Salyan rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Aygün Salmanova: “Möhtərəm cənab Prezident! Bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir. Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi, virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Allah Sizi qorusun.”

Yardımlı rayonunun Qabaqdibi kəndindən Rüfət Sarıyev: “Hörmətli cənab Prezident! Hazırda dünyamız böyük çətinliklə üzləşmişdir. Bütün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparırlar. Bir çox ölkələrdə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik və Sizinlə qürur duyuruq. Allahdan Sizə uzun və sağlam ömür arzulayırıq.”

Sumqayıt şəhərindən Kənan Mahmudlu: “Möhtərəm cənab Prezident! Mən Təbiət elmləri təmayüllü gimnaziyanın 6-cı sinif şagirdiyəm. Hazırda dünyanı sarsıdan koronavirus bəlası Azərbaycanda da yayılmışdır. Hörmətli Prezidentim, Sizin uzaqgörənliyiniz sayəsində bu bəla ölkəmizdən minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığı qorunması və xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.”

Bakı şəhərinin Yasamal rayonundan Rəmzi Dədəkişiyev: “Hörmətli cənab Prezident! Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. 1993-cü ildə xalqımızı böyük bəladan xilas etdi. Siz Ulu Öndərin yolunu layiqincə davam etdirirsiniz. Pandemiya dövrü bunu bir daha sübut etdi. Sizin müdrik qərarlarınız və məqsədyönlü addımlarınız sayəsində xalqımızın koronavirusdan müdafiəsi etibarlı şəkildə təmin olunmaqdadır. Biz xalq olaraq, keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. Ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən xaosu, özbaşınalığı, aclığı indi tərəqqi, inkişaf, yüksək rifah əvəzləyib. Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalqımız da hər zaman Sizinlədir. Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”

Beyləqan rayonundan Mircəfər İsmayılov, Yasəmən Hüseynova, Cəfər Cəfərov, Mansır Kərimov və başqaları: “Hörmətli cənab Prezident! Sizin Prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğurlar əldə etmiş, çətinliklərin öhdəsindən mətinliklə gəlmişdir. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq, inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki, ataların bir məsəli var: “Gördüyünü qoyub, görəcəyə getmə.” Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin.”