29 sentyabr 2020 17:24
771

Vətəndaşlardan Prezidentə dəstək: Ali Baş Komandan, son damla qanımıza qədər Sizinləyik

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları ilə bağlı Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdikləri təbrik və təşəkkür məktubları gəlməkdə davam edir.

 “İki sahil” Prezidentin saytına istinadən həmin məktubların daha bir neçəsini təqdim edir:

Qobustan şəhərindən Rəssam Azadə yazır: “Hörmətli cənab Ali Baş Komandan, bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmri ilə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır. Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Zaman-zaman Vətən oğulları yadellilərlə mübarizələrdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına qoynunda dünyaya göz açıb yaşadıqları torpaqları qoruyublar. Bu gün bizim damarlarımızdan döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır. Biz də onların qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqlarımızdan təmizləyəcəyik. Cənab Prezident, Ulu Tanrı bu haqq yolunda köməyiniz olsun”.

Saatlı şəhərindən Sevinc Əhədova: “Hörmətli cənab Prezident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm”.

Bakı sakini Tuncay Şamilzadə: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək də. Mən bu məktubu Sizə göz yaşları içində yazıram. Allah Sizi qorusun. Siz tək deyilsiniz, son damla qanımıza qədər Sizinləyik. Var olun! Yaxşı ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Allah Sizi bizə çox görməsin”.

Bakının Xətai rayonunun sakini Aysel Hasanova: “Cənab Prezident, hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq. Allah sizə və Vətənimizə kömək olsun”.

Binəqədi rayonundan Şərqiyyə Salmanova: “Cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını, azərbaycansevərləri təbrik edirəm. Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır. İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunması xəbərini verməyinizi Uca Allahdan arzu edirəm. Mən bir Azərbaycan övladı olaraq daim Sizi dəstəkləyir, uğurlarınızın, uğurlarımızın davamlı olmasını arzu edirəm. Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır!”.