04 noyabr 2020 18:44
1863

Vətəndaşlıq məsuliyyətini dərk etmək hər birimizin borcudur

İnsanları evlərə məhkum  edib,  özü isə bütün dünyanı dolaşan COVID-19 –a yoluxanların sayının artması ciddi siqnaldır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) gündəlik statistikasında  açıqlanan rəqəmlərdən göründüyü kimi, pandemiyanın kəskin artımı ciddi narahatlıq doğurur. İnsanları evlərə məhkum  edib,  özü isə bütün dünyanı dolaşan COVID-19- u əvvəllər rast gəldiyimiz «donuz qripi», «quş qripi» ilə müqayisə edərək, o qədər də təlaşlanmayan dünya xalqları sonradan  bu «taclı düşmən»in  nə qədər qorxulu, dəhşətli, ölümcül  olduğunu gündəlik həyatlarında, yaxınlarını  itirməklə   hiss etdilər.   Yuxarıda adları  çəkilən virusa yoluxanlar arasında ölüm halları müşahidə olunsa da, hazırkı vəziyyət  bir həqiqəti əks etdirir:   COVID-19 insan  həyatı üçün daha amansız və təhlükəlidir.

Millətindən, dinindən, yaşadığı  ərazidən, yaş kateqoriyasından asılı olmayaraq  koronavirusa yoluxanların sayının artması,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  xəbərdarlıqlarına,  həkimlərin  virusa qarşı peyvəndlə bağlı axtarışlarına baxmayaraq, bəzi bölgələrdə   qarşısı alınmaz dərəcədə risk yaradan virus  bütünlükdə  dünya xalqları üçün təhlükəlidir. Elə buna görə də peyvəndlərin tapılması istiqamətində axtarışlar intensivləşir,  mütəxəssis rəyləri öyrənilir.  Dünya üzrə yeni yoluxma hallarının kritik həddə çatdığını vurğulayan, vəziyyətin  daha ciddi xarakter aldığını bildirən ÜST rəsmilərinin açıqlamalarından da bəlli olur ki,  yoluxanların 46 faizini, ölüm  faizinin isə üçdə birini təşkil edən ABŞ-da, Avropa ölkələrində  reanimasiya şöbələrində  xəstələrin qəbulu üçün  çarpayı sayı tükənib.    Pandemiyanın ilk günlərindən virusa qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü ölkəmizdə  başqa dövlətlərlə müqayisədə vəziyyət nisbətən stabil olsa da,   yeni yoluxma hallarının sürətli artımı ciddi düşünməyə əsas yaradır. İnsanlarda qorxu, təlaş yaradan virusa qarşı mübarizənin ilk mərhələsi kimi,  dövlətlərarası əlaqələrin dondurulması,  gediş-gəlişə məhdudiyyətlərin qoyulması, bütün ölkələrdə karantin rejimlərinin, komendant saatlarının tətbiqi nisbətən arxayınlıq yaratsa da,  hazırda vəziyyət daha qorxulu və risklidir.

 Pandemiyanın ilk günlərindən parklar, küçələr  tənhalaşdı. Müxtəlif dillərdə səslənsə də, «məsafəni qoru», «evdə qal» kimi  xatırlatmalar bütün xalqların əməl etdiyi  bəşəri çağırış kimi hamı tərəfindən qəbul edildi. Dövlətlər, insanlar arasında  məsafələr uzaqlaşsa da, mənəvi məsafələr yaxınlaşdı, başqalarına dəstək bəşəri ideya kimi genişləndi. Bu qaydaların tətbiq olunduğu ölkəmizdə  pandemiyaya qarşı aparılan kompleks mübarizə tədbirləri müsbət nəticəsini verdi. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün  ayrılan xəstəxanalarda yaradılan şəraitin nəticəsidir ki, başqa ölkələrə nisbətən respublikamızda  ölüm halları  azdır. Bu da səbəbsiz deyil. İlk günlərdən təhlükənin qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü ölkəmizdə müasir tipli modul xəstəxanaların açılması, «Yeni klinika»nın, Fövqəladə Hallar Nazirliyinin hospitalının istifadəyə verilməsi, xəstəliklə mübarizənin əsas şərtlərindən olan tibbi maskalar, həkimlər üçün nəzərdə tutulan qoruyucu geyimləri istehsal edən müəssisələrin açılması, nəqliyyat vasitələrinin hərəkətlərinə qoyulan məhdudiyyətlər,  paytaxtın küçə və meydanlarında, ictimai binaların həyətlərində aparılan dezinfeksiya işləri  profilaktik tədbir kimi  səmərəsini verir.

Gözə görünməyən virusdan da təhlükəli olan erməni faşizminə qarşı müharibənin getdiyi ölkəmizdə  vətəndaşların daha diqqətli olması isə əvvəlki vaxtdan daha vacibdir. Döyüşlər zamanı  zədə alan yaralıların müalicəsi ilə məşğul olan xəstəxanalarda  lazımi imkanların yaradılması vətəndaşlardan pandemiyaya qarşı  mübarizədə  ciddi məsuliyyət tələb edir. Son günlərdə  yeni yoluxanların sayının  1000 nəfəri ötməsi   təkcə səhiyyə işçilərini deyil, hər kəsi ciddi  düşündürməlidir.     Vətəndaşlar ictimai qınağa xüsusilə diqqət yetirməli, bununla da  cəbhədə  vuruşan əsgərlərimizə dəstək olmalıdırlar.  Təbliğat  vasitəsi kimi reklamlarda da tez-tez qeyd olunduğu kimi  virusa qalib gəlmək üçün  profilaktik tədbirlərə ciddi əməl edilməli, ictimai yerlərdə insanların  toplum halında yığışmasının qarşısı alınmalı,  ilk növbədə isə maska taxılmalıdır.  Biri-biri ilə təmasda olan insanların ara məsafə saxlaması da yoluxmanın qarşısını alan önəmli tədbirlərdəndir.

Dünyanın hər yerində pandemiyanın sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının   payızda COVID-19-a yoluxma hallarının artacağı barədəki proqnozunu təsdiqləyir. Hazırda başlıca məqsəd insanlar arasında  yoluxma hallarının qarşısını almaq,  ölümlərin sayını azaltmaqdır. Pandemiyaya qarşı mübarizənin kompleks şəkildə  təşkil olunduğu ölkəmizdə ilk günlərdən atılan addımlar, həyata keçirilən məqsədyönlü  tədbirlər nəticəsində yeni yoluxma halları nisbətən azalsa da, hazırda bu xəstəliyi göstərən statistik rəqəmlər  daha diqqətli olmağımızı tələb edir.  Nazirlər Kabineti yaradılmış  Operativ Qərargahın xəstəliklə bağlı gündəlik açıqlaması da göstərir ki,  COVİD-19-la mübarizədən az itki ilə çıxmaq üçün hər bir vətəndaş  nəzərdə tutulan  gigiyenik qaydalara əməl etməli, özünü və ətrafındakıları qorumalıdır. İctimai nəqliyyatın fəaliyyətinin  tənzimlənməsi, əlavə avtobusların xəttə daxil edilməsi, ilk növbədə isə  vətəndaşlıq məsuliyyətinin artırılması ilə  virusa qalib gəlməyin mümkünlüyü təsdiqini tapıb. Bu məsuliyyəti hər bir vətəndaş vəzifə borcu kimi diqqətdə saxlamalı, «Maska tax, məsafə saxla, gigiyenik qaydalara əməl et» çağırışları unudulmamalıdır.

 ÜST-ün açıqlamasına görə, hələ də COVID-19-a qarşı  peyvəndin tapılmaması,  mütəxəssislərin  bu istiqamətdəki axtarışlarının, tədqiqatlarının hələ ki, müsbət nəticə vermədiyi hallarda  təhlükə bizimlədir və insanların həyati üçün risklər azalmır.  Özümüzün və yaxınlarımızın həyatı təhlükəsinin qarşısının alınması  üçün qaydalara əməl edək, həyatımızı qoruyaq.

Xuraman İsmayılqızı, «İki sahil»