Prezident İlham Əliyevin «Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir» sözləri məmurların etik davranış qaydalarının əsasını təşkil etməlidir
Ölkəmizdə idarəetmə sistemində aparılan islahatlar, bacarıqlı kadrlara daha məsuliyyətli vəzifələrin etibar olunması dövlətin gənclər siyasətinin məntiqi davamıdır. «Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır» söyləyən Prezident İlham Əliyevin bu siyasəti xalqımız tərəfindən dəstəklənir.
Gənclərə ən məsuliyyətli vəzifələrin etibar edilməsi göstərir ki, siyasətimizin təməlində konkret işlər, real inkişaf, verilən sözə sadiqlik dayanır. Ölkəmizdə düşünülmüş şəkildə aparılan siyasi- iqtisadi, sosial islahatların beynəlxalq standartlara uyğunlaşdırılmasında yüksək intellektə, müasir düşüncəyə malik gənclərin təşəbbüslərinin və rolunun artması dövlətimizin maraqlarına xidmət edir.
Ötən ildən etibarən dövlət strukturlarında ən məsuliyyətli vəzifələrin, bir neçə rayona başçılığın gənclərə etibar edilməsi prosesi davam edir. Biləsuvar və Saatlı rayonlarına təyin olunan icra hakimiyyəti başçılarını videoformatda qəbul edib, tövsiyələrini bildirən Prezident İlham Əliyevin başlıca tələbi insanlara diqqət və qayğının artırılması, problemlərin həllində yerli sakinlərin istəklərinin nəzərə alınması, rayonun coğrafiyasına uyğun inkişaf proqramına düzgün əməl olunmasıdır. Yəni, ilk növbədə rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır.
«Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik» fikirlərini diqqətə çatdıran cənab İlham Əliyevin əsas tapşırığı Dövlət proqramlarında, investisiya layihələrində nəzərdə tutulan islahatların, layihələrin həllini sürətləndirməklə iş yerlərinin açılmasını təmin etmək, məşğulluq səviyyəsini yüksəltməkdir. Əsas odur ki, insanların rahatlığı naminə bəlkə də diqqətdən yayınan ən kiçik məsələnin belə həllinə çalışmaqdır.
Ölkəmizdə həyata keçirilən Dövlət proqramlarının tətbiqi ilə bölgələrin simasının inanılmaz dərəcədə dəyişilməsi, müasirləşməsi, yeni iş yerlərinin açılması həyata keçirilən infrastruktur layihələrinin icrası ilə mümkün olmuşdur. Bölgələrə səfərləri zamanı görülən işlərlə yerindəcə maraqlanan Prezident İlham Əliyev daha çox yerli sakinlərlə təmasda olur, insanların arzularını öyrənir, qarşıdakı illərdə bu təkliflərin reallaşması üçün tapşırıq və tövsiyələrini verir. Adətən regionlarda yaşayan insanların problemləri oxşar, bəzən isə eynidir: Avtomobil yollarının çəkilməsi, fermer təsərrüfatlarında məhsuldarlığın artırılması üçün başlıca amili olan içməli və suvarma sularına ehtiyacın ödənilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, korrupsiya hallarının aradan qaldırılması…
«Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır» sözləri ilə görüləcək işlərin «konspektini» yeni icra başçılarının diqqətinə çatdıran dövlət başçımız onların fəaliyyət istiqamətlərini də bildirir.
Bu günlərdə ölkədə su təsərrufatı ilə bağlı problemlərin həllinə yönəlmiş geniş iclasda aparılan müzakirələr zamanı irəli sürülən faydalı təkliflərin nəzərə alınması, deyilən iradların aradan qaldırılması üçün rayonlara başçılıq edən rəhbərlərin üzərinə daha çox məsuliyyət düşür. Bu baxımdan hər bir icra başçısı ilk növbədə yerli əhalini maraqlandıran məsələləri özünün iş prinsipi kimi diqqətdə saxlamalı, mövcud nöqsanların aradan qaldırılması üçün qüvvələri səfərbər etmək bacarığına malik olmalıdır. Suvarma sistemində müasir texnologiyaların tətbiqi, fermerlərə yanaşmada ədalət prinsipinin qorunması, aqrotexniki qaydalardan düzgün istifadə, kənd təsərrüfatında daha yüksək məhsuldarlığa nail olmaq qarşıda duran başlıca vəzifədir.
«Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib» söyləyən Prezident İlham Əliyev sahibkarlığa göstərilən dəstəyi ölkəmizin ümumi inkişafı, dayanıqlığın qorunması ilə birbaşa bağlı olan məsələ kimi dəyərləndirir.
Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzülün daha böyük rəqəmlərlə ifadə olunmasına baxmayaraq Azərbaycanda qeyri-neft sektorunda az da olsa inkişafın hiss olunması dövlətin apardığı düzgün siyasətin nəticəsidir. Bu stabillik ondan irəli gəlir ki, Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və dövlət, icra orqanları sahibkarlara dəstək göstərirlər.
Əvvəlki müşavirələrdə sahibkarlara təsir və təzyiqin, əsassız yoxlamaların yolverilməz olduğunu diqqətə çatdıran, bəzi rayonlarda sahibkarların incidilməsini, onların qarşısında süni əngəllərin yaradılmasını, pay və rüşvət alınması kimi neqativ halları yolverilməz adlandıran dövlət başçımızın qəti tələbi budur ki, iş adamlarına dövlət məmurları tərəfindən yalnız dəstək, kömək göstərilməli, sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait verilməməlidir. Sahibkarlar isə öz sosial məsuliyyətini dərk edib, dövlətin vergisini ödəməlidirlər. Müəyyənləşdirilən qaydalardan, qəbul olunan qanunlardan kənar əməllərə yol verən məmur da, sahibkar da məsuliyyət daşımalıdır. Heç bir maliyyə pozuntusuna, insanların mənəviyyatını korlayan, dövlətə ziyan vuran kölgə iqtisadiyyatına yol verilməməlidir. Rayonların sosial- iqtisadi inkişafı üçün dövlət tərəfindən ayrılan vəsaitlər, investisiya layihələrinin həllinə yönələn sərmayələr təyinatları istiqamətində sərf olunmalıdır. Dövlət başçısının mühüm tövsiyələrindən biri də budur ki, investorlar maliyyə vəsaitlərini xarici bazarlara deyil, ölkə daxilində daha çox ehtiyac duyulan sahələrə yönəltsinlər. Bu halda qazanan dövlət, sahibkar, iş yerləri ilə təmin olunan ölkə vətəndaşı olar. Sahibkarların ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, dövlətin onlara göstərdiyi dəstəkdən, yaradılmış şəraitdən bəhrələnərək xarici ölkələrə böyük həcmdə sərmayələr qoymaları xüsusilə pandemiya dövründə məntiqsizlikdir. «Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, neftin qiymətinin kəskin aşağı düşdüyü indiki zamanda sahibkarın vəsaitini ölkə iqtisadiyyatına yönəltməsi onun vətəndaşlıq borcu, məsuliyyətidir.
Əsas tələblərdən biri də budur ki, qanunlara hər kəs əməl etməli, nöqsanlara yol verdikləri üçün həbs olunan icra başçılarının, məmurların aqibətindən dərs almalıdır. Son aylarda ölkədə korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizənin aparılması, cinayətkarların məsuliyyətə cəlb olunması sübut edir ki, Azərbaycanda qanunların qorunmasına dövlətin nəzarəti sözdə yox, əməldə əksini tapır. Cəmiyyətdə narazılıq yaradan neqativ hallara qarşı mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Xalqın da, dövlətin də məmurlardan tələb etdiyi ən ülvi keyfiyyət təvazökarlıq, özünü başqalarından üstün tutmamaq, xalqın sözünü səbrlə dinləmək, başqalarına nümunə olmaqdır. «Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm» söyləyən Prezident İlham Əliyev bildirir ki, heç bir məmura hansısa xüsusi imtiyaz verilməyib. Əlavə olaraq vurğulayır ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Məişətdə də, işdə də nümunə olması, özünü təvazökar aparmasıdır. Etimad göstərilən kadr hansısa məmura deyil, dövlətə, Vətənə xidmət etməlidir. Sədaqətli insanlar irəli çəkilməli, kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük.
Xuraman İsmayılqızı, «İki sahil»