15 iyul 2020 15:46
717

Vətənpərvərlik nümayiş etdirən insanların əzmi qururvericidir

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd ediblər. Düşmən təxribatının qarşısını alan zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları, həmçinin yüksək rütbəli zabitlərimiz qəhrəmancasına şəhid olublar. Həlak olan hərbi qulluqçuların ailələrinə, yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan tezliklə şəfa tapmasını diləyirəm.

Bu günlərdə insanlarımız dövlətə, Azərbaycan Ordusuna dəstək, həlak olmuş şəhidlərimizin ruhuna böyük ehtiram nümayiş etdirib. Bu birliyə görə xalqımıza öz minnətdarlığımı bildirirəm.

Ötən axşam insanlar küçələrə çıxaraq dövlətə və ordumuza öz dəstəyini ifadə edib, müharibəyə hazır olduqlarını, birlik, bərabərlik göstəriblər. Vətənpərvərlik nümayiş etdirən insanların bu əzmi qürurverici idi. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, burada da öz məqsədlərini güdən, düşmən dəyirmanına su tökən bir qrup insanın hərəkəti, səsləndirdiyi şüarlar oraya toplaşan insanların ümumi məqsədinə - dövlətə və orduya dəstəyinə uyğun deyildi. Hansısa qüvvələrin təxribatı nəticəsində dövlətin qanunverici orqanının binasına daxil olmaq, polis əməkdaşları ilə konflikt yaratmağa çalışmaq, hadisələri gərginləşdirmək o insanların əsl simasını göstərmiş oldu. Gəlin bir məsələni unutmayaq. Ermənistan tarixin bütün dövrlərində öz çirkin əməllərini nümayiş etdirib və həyata keçirməyə çalışıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, bu gün dünya qlobal pandemiya ilə mübarizə aparır və dövlətlərin birgə səylərinin gücləndirilməsini tələb edir. COVID-19 Ermənistana öz dərin təsirini göstərir və bu təsirlərdən xalqın diqqətini yayındırmaq üçün Ermənistan rəhbərliyi bu cür təxribatçı əməllərə əl atır.

Biz hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə - koronavirusla mübarizə aparırıq. Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Təbii ki, təxribatçı qüvvələr öz çirkin niyyətlərinin dalınca qaçaraq hər vasitəyə əl atacaqlar.

Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir.

Bir daha dövlətimizə, onun rəhbərinə, ordumuza dəstək olan insanlarımızı təxribat törətməyə çalışan qruplardan uzaq olmağa çağırıram.

Gəlin imkan verməyək ki, antimilli qruplar ordumuzun gücünə, zəfərinə, insanlarımızın vətənpərvərlik hisslərinə, onun dəstəyinə kölgə salsınlar.