27 noyabr 2020 18:07
808

Vüqar Bayramov: Qısa zamanda həyat və gülüş yenidən həmin ərazilərimizə qayıdacaq

«Fransa Senatında qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınmasının zəruriliyinə dair» 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, noyabrın 26-da  Milli Məclis bu məsələ ilə bağlı sənəd qəbul etdiyi üçün problemin iqtisadi tərəflərinə diqqəti çəkmək istərdim. Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri göstərir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin Azərbaycana birbaşa qərəzinin təzahürüdür. Belə ki, 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu əvvəlki il ilə müqayisədə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvəllərində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub. Sərmayə qoyiluşlarına gəldikdə isə BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da, Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir. Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? Deməli, məqsəd sadəcə, Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir. Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, nəhayət ki, 27 illik həsrətə son qoyuldu. Kəlbəcər rayonu öz doğma sahibinə qayıtdı. Kəlbəcər bizimdir! Təxminən 27 il öncə 60 mindən artıq Kəlbəcər sakini soyuq qış günündə öz doğma evlərini tərk etmək məcburiyyətində qaldı. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı. Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatı var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.  Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən barbarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur.

V.Bayramov diqqətə çatdırıb ki,  20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə də imkan verməyib. İşğaldan əvvəl həyatın, gülüşün olduğu o şəhərlərimiz düşmən ölkənin barbarlığı nəticəsində «Ruhlar şəhərlərinə» çevrilib. Həmçinin əlavə edib ki, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib.

Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Şəmsiyyə Əliqızı,

«İki sahil»