17 iyul 2020 10:42
2379

Xalq-iqtidar birliyi cəbhədəki hərbi üstünlüyümüzün əsas qarantıdır

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub. Burada diqqətçəkən məqam odur ki, iyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov əsgərlərlə birgə ən ön xətdə, döyüş meydanında olub.

Məhz generalın əsgərlərlə bir cərgədə, ön sırada düşmənə qarşı birgə vuruşması nadir hallarda olur və bu ali rütbəli hərbçinin sırf vətənpərvərliyindən, cəsurluğundan xəbər verir. Bu fakt bir daha göstərir ki, ordumuzun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.

Qeyd edək ki, şəhid generalımız 2016-cı ilin aprel döyüşlərində də əsgərlərlə bir səngərdə olub, digər zabitlərimiz kimi böyük şücaətlər göstərib. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusunun generalları qaynar nöqtələrə getməkdən, əsgərlərin arxasında deyil, önlərində dayanmaqdan heç zaman çəkinməyiblər. Çünki bizim generallarımız kabinet zabitləri deyil. Yüksək çinli zabitlərimizin vətən uğrunda gedən savaşda həyatlarını qurban verməsi əhalidə düşmənə qarşı nifrət yaratmaqla bərabər, həm də hər kəsdə döyüş ruhunu yüksəldir. Məhz bu səbəbdən insanlarımız aktiv döyüşlərin baş verdiyi nöqtələrə qədər gedərək hərbçilərimizə dəstək nümayiş etdirirlər.

Eyni zamanda, generallarımız, polkovniklərimiz cəsur hərəkətləri ilə aşağı rütbəli zabitlərə nümunə göstəriblər. Düşmənin təxribatlarını dəf edərkən generalımızın, yüksək rütbəli zabitlərimizin şəhid olması ordumuzda hansısa ruh düşkünlüyü yaratmır. Əksinə, sıravi əsgərdən tutmuş generala qədər bütün hərbi heyətin döyüş əzmini daha da artırır.

Ancaq döyüş meydanlarında öz əsgərlərinin arxasında gizlənib, hətta təhlükə hiss edəndə əsgərlərini qoyub qaçan erməni generallarından fərqli olaraq Azərbaycan generalı hərbi peşəkarlığı və şücaəti ilə həmişə ön xəttin ən qoruyucu hərbçisi olmağı bacarıb. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan ordumuzla fəxr edir.

Təbii ki, iyulun 12-dən başlayaraq Ermənistan ordusunun Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərinə hücumu bir daha Ermənistanın işğalçı siyasət yürüdən dövlət olduğunu göstərdi. Burada daha bir nüans özünü açıq şəkildə göstərdi. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edən Ermənistan həmişə iddia edib ki, guya müharibəni qondarma “Dağlıq Qarabağ respublikası” aparır. Paşinyan baş nazir olandan sonra onun danışıqlar formatının dəyişdirilməsi ilə bağlı iddiaları da bundan qaynaqlanırdı. O belə bir təəssürat yaratmağa çalışırdı ki, müharibə Ermənistanla Azərbaycan arasında deyil, separatçılarla Azərbaycan arasında gedir. Lakin məhz Azərbaycanın uğurlu diplomatik gedişləri sayəsində bütün dünya hazırkı formatda Ermənistanı faktiki olaraq münaqişə tərəfi kimi tanıyır. Bu baxımdan Tovuzda dövlət sərhədi istiqamətində Ermənistanın Azərbaycan hərbçilərinin mövqelərini ələ keçirmək üçün hücum cəhdi bu ölkənin işğalçı siyasətinin əyani təsdiqi oldu.

Ümumiyyətlə, Ermənistan tərəfinin işğal olunmuş Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz tədbirlər, qondarma seçkilər, hərbi təlimlər, Ermənistanın baş nazirinin və prezidentinin bu əraziyə səfərləri göstərir ki, erməni tərəfi sülh danışıqlarının dalana dirənməsində və işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Çünki bütün bunlar sülh prosesinə adekvat olmamaqla, aparılan danışıqları da mənasız edir. Məsələnin narahatlıq yaradan digər tərəfi isə odur ki, Ermənistan bu əməllərini beynəlxalq təşkilatların gözü qarşısında etsə də, onların heç biri buna reaksiya verməyib. Azərbaycanla bağlı hər addımda problem axtarmağa çalışaraq daim qərəzli mövqe ortaya qoyan Avropa Şurası və onun strukturları bir dəfə də olsun Ermənistanda baş verənlərə, bu ölkənin danışıqlar prosesinə zərbə vurmasına etiraz etməyiblər. Eyni zamanda, ATƏT-in və danışıqlar prosesində birbaşa iştirak edən Minsk qrupunun Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatçılıq fəaliyyəti ilə bağlı qəti mövqeyi yoxdur.

Məhz beynəlxalq təşkilatların və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin fəaliyyətlərində ikili standartlara yer vermələri- işğalçı Ermənistana qarşı yumşaq davranmaları beynəlxalq hüquqa ziddir. Təbii ki, belə bir şəraitdə özünü tamam rahat hiss edən Ermənistan hakimiyyətinin öz ictimaiyyətinin diqqətini daxili ziddiyyətlərdən yayındırmaq üçün cəbhə xəttində yeni təxribatlar törətməsi qaçılmaz idi. Çünki bu gün Ermənistan ciddi siyasi-iqtisadi təlatümlər içindədir. Sürətlə yayılan koronavirusun qarşısının alınması üçün erməni dövlətinin etdiyi bütün cəhdlərin boşa çıxması və sosial-iqtisadi böhranın dərinləşməsi nəticəsində indiki hakimiyyət öz nüfuzunu tam itirib. Eyni zamanda indiki məqamda Paşinyanın diktatura rejimi yaratmaq cəhdi ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib və Ermənistan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün əvvəlki hakimiyyətlərin avantüralarını davam etdirir. Dövlət sərhədindəki son təxribat da bunun növbəti nümunəsidir.

Qürurverici məqamdır ki, məhz Ermənistanın qəfil hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanın hərbi baxımdan Ermənistandan üstünlüyünü nümayiş etdirdi. Qısa müddətdə Ermənistan ordusuna sarsıdıcı zərbələr vuruldu. Xüsusilə artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.

Əslində, Ermənistan hakimiyyəti bu döyüşlərdəki itkilərini nə qədər gizlətməyə cəhd göstərsə də, alınmadı. Artıq bu gün ermənilər sosial şəbəkələrdə Azərbaycan Ordusunun vurduğu hərbi birləşmələrdən və hərbçi itkilərindən açıq şəkildə danışmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyi isə 100-dən çox erməni hərbçisinin məhv edildiyini bildirir. Təbii ki, bu nəticələr bir daha Azərbaycanın hərbi qüdrətini, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini göstərir.

Ümumiyyətlə, Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bütün bunlar ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır.

Bu da bir məqamdır ki, Ermənistanın Tovuz istiqamətindəki hücumu bizə imkan verəcək ki, onların işğalçılıq siyasətinin ifşasını genişləndirək. Güman edirik ki, məhz beynəlxalq təşkilatlar da bu hadisədən sonra fəallaşmaqla Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli mövqe sərgiləyəcəklər. Əks halda hərbi əməliyyatların hələ uzun müddət davam etməsi gözləniləndir.

Əslində, Ermənistanın bu hərbi avantürası ona hesablanmışdı ki, MDB məkanında üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini, xüsusilə də Rusiyanı münaqişəyə qoşsun. Lakin onun avantürası alınmadı. Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı deyib ki, Ermənistandan başqa KTMT-də olan respublikalar Azərbaycanın ən yaxın dostlarıdır. O cümlədən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması ermənilərin bu niyyətinin baş tutmayacağını göstərir. Təbii ki, Nikol Paşinyana bu ərəfələrdə müharibə ona görə lazımdır ki, ermənilərin daxili problemlərindən doğan ciddi narazılıqlarını başqa səmtə yönəldə bilsin.

Elçin Zaman, “İki sahil”