05 dekabr 2019 14:08
753

Xalqa xidmət prinsipi dövlətin inkişafında mühüm amildir - FOTO

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ağdaş rayonunda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq “Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi  rayonun Yuxarı Qəsil və Qulbəndə kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin  üzvləri İsa Eminov və Fuad Nəbiyev seçicilər qarşısında çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlardan  söhbət açıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun ölkə  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilib, bununla yanaşı yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilib. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilib, mükəmməl qanunvericilik bazası yaradılıb, bələdiyyə institutu tam formalaşıb. Natiqlər vurğulayıblar ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı fonunda gələcəkdə də bələdiyyə sisteminin təkmilləşdirilməsi, bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə və iqtisadi potensialının gücləndirilməsi, həmin qurumlarda çalışan kadrların keyfiyyət tərkibinin daha da yaxşılaşdırılması prosesi davam etdiriləcək.

Görüşlərdə çıxış edən Yuxarı Qəsil kənd sakini Mabud Şirinov, Qulbəndə kənd sakinləri Almas Salehova və Kamil Mustafayev bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb. 23 dekabrda da YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən dəstəklənəcək, kənd sakinləri onlara səs verəcəklər.

Orxan Vahidoğlu, “İki sahil”