05 noyabr 2019 19:42
144

Xalqa xidmətin əyani təzahürü

Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın seçdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər  səfərindən  sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin  hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

Ölkə başçısının bu günlərdə Qəbələ və Ağdaş rayonlarına səfəri də bu qəbildəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında  iştirak edən dövlət başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət deməyə əsas verir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ağdaş şəhərinin sakinləri ilə görüşündə Prezident İlham Əliyev qeyd edib: “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir.”

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı bu məsələlərlə bağlı bildirib: “Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.

Xatırladaq ki, bu ilin əvvəlində dövlət başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılıb. Üç regional Dövlət Proqramı uğurla yerinə yetirilib və bunun nəticəsində Azərbaycan regionlarının siması köklü surətdə dəyişib. Regional Dövlət proqramlarının icra olunduğu illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Bu gün regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması məqsədilə aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Artıq müsbət nəticələr var. İyirmi iki aqropark fəaliyyət göstərir, cari ilin sonuna qədər isə 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq və 4 mindən çox yeni iş yeri yaradılacaqdır. Bundan əlavə, ölkə rəhbərinin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox Sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması bölgələrin sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Ümumiyyətlə, regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dördüncü dövlət proqramı çərçivəsində bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atılır. Eyni zamanda, hazırda regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib. Dördüncü proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacağı nəzərdə tutulub ki, bunun da təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

Sevinc Azadi, “İki sahil”