11 iyun 2019 10:26
880

Xalqımızın Azərbaycan ordusunun gücünə, qüdrətinə inamı sarsılmazdır

“2016-cı ilin aprel döyüşləri tariximizə şərəfli bir səhifə kimi yazıldı. Belə ki, həmin döyüşlər zamanı ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını uğurla aldı, üstəlik, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi. Məhz aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bayrağımız dalğalanır. Fəxr edirəm ki, bu uğurda mənim də zərrə qədər əməyim olub”. Bu fikirləri Qarabağ qazisi, II qrup əlil, 29 yaşlı Orxan Əliyev “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, bu gün dövlət başçısının tapşırığı ilə aprel şəhidlərinin ailələri və aprel döyüşlərində sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunublar: “Bu kateqoriyaya aid olan insanlar güzəşt və müxtəlif kompensasiyalardan yararlanırlar. Onlara  mənzil və avtomobillər də verilir. Bu mənada tam məsuliyyətlə deyirəm ki, Qarabağ qazilərinə və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”. Müsahibimiz, həmçinin vurğuladı ki, o da bu qayğı və diqqətdən kənarda qalmayıb: “Bildiyiniz kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də icra edilir. Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub ki, onlardan da biri mənəm. Şübhəsiz, bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Yeri gəlmişkən, mən bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən avtomobillə (Khazar LX) də təmin olunmuşam: “Bir arzum var. Deyirəm, kaş bir gün işğaldan azad ediləcək torpaqlarımıza həmin avtomobillə səfər edəydim. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində bu arzum da tezliklə gerçəkləşəcək”.

Həmsöhbətim vurğuladı ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri, həmçinin Qarabağ qaziləri ilə mütəmadi görüşlər keçirir, onların problemləri ilə maraqlanırlar: “Mən də dəfələrlə həmin görüşlərin iştirakçısı olmuşam. Zənnimcə, bu görüşlər bir daha sübut edir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlıqlarını itirmiş insanların sosial müdafiəsi Azərbaycan iqtidarı üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir”.

Digər suallarımızı cavablandıran Orxan Əliyev bildirdi ki, o, 2007-ci ildə Astara rayonundakı M.Ə. Sabir adına 1 saylı tam orta məktəbi bitirəndən sonra Bakı İslam Universitetinin  şərqşünaslıq fakültəsinə qəbul olunub: “Lakin bu təhsil ocağında iki il təhsil almaqla kifayətləndim. Bu da hərbiyə olan marağımdan irəli gəldi. 2009-cu ildə müddətli hərbi xidmətə yollandım. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin hissələrində cavuş rütbəsində xidmətdə oldum. Müddətli hərbi xidmətimi başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin gizir hazırlıq kursuna daxil oldum. 2011-ci ildən Bakıdakı hərbi hissələrin birində tank komandiri kimi xidmətimi davam etdirdim. Daha sonra öz istəyimlə ön cəbhəyə yollandım. Onu da  deyim ki, kiçik və iriçaplı silahların, zirehli texnikaların, radioelektron avadanlıqların dilini mükəmməl bilirəm”.

Vətən qarşısındakı xidmətləri yetərincə dəyərləndirilən, 2017-ci ildən ehtiyatda olan Orxan Əliyev əlil olmasına baxmayaraq, Ali Baş Komandanın döyüş əmrinə daim hazır olduğunu söylədi: “Son illər döyüş meydanlarında əldə olunan qələbələr bizi daha da ruhlandırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirdiyi bir fikri də dilə gətirmək istəyirəm: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”. Bu gün xalqımızın Azərbaycan dövlətinin və ordusunun gücünə, qüdrətinə inamı sarsılmazdır.

O.Əliyev daha sonra bildirdi ki, Lələtəpənin işğaldan azad olunması uğrunda gedən döyüşlərin ilk dəqiqələrindən öz texnikası və tabeliyində olan heyətlə iştirak edib: “Aprelin 3-dən 4-nə keçən gecə yaralandım, nəticədə sol ayağımı itirdim. Bir müddət komada olmuşam. Sonradan öyrəndim ki, o günlərdə möhtərəm Prezidentimiz mənim müalicə olunduğum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına baş çəkib və hər bir yaralı döyüşçüyə şəfa diləyib. Yeri gəlmişkən, həmin gün Prezident hospitalın həyətində yaralı əsgər və zabitlərin valideynləri, yaxınları ilə də görüşüb. O görüşdə mənim anam Zeynəb xanım da iştirak edib. Hətta anam bu diqqət və qayğıya görə, dövlət başçımıza öz təşəkkürünü də bildirib”.

Qvami Məhəbbətoğlu, “İki sahil”