06 avqust 2020 20:22
1162

Xalqın acı gününü arzulayanlar heç vaxt xalqı təmsil edə bilməzlər

“Cənab prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz sağlam müxalifətlə əməkdaşlıq etməyə və onların təkliflərini müzakirə etməyə hazırıq. Bunun əyani göstəricisi kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətini göstərə bilərik. Çünki mütəmadi olaraq müxtəlif partiya sədrləri ilə görüşlər keçirilir və bu iqtidarın müxalifətlə dialoq mühitində maraqlı olduğunu göstərir”. 

Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. 

O qeyd edib ki, sağlam olmayan müxalifət məqsədinə çatmaq üçün istənilən çirkin variantlardan istifadə edə bilər: “Məsələn, bu günlərdə hüquq müdafiəçisi adı altında bir qrup şəxs beynəlxalq təşkilatlara müraciət ünvanlanlayıb ki, guya Azərbaycanda 192 “siyasi məhbus” var. Biz bunları araşdırdıq və gördük ki, həmin sənədə imza atan insanların böyük əksəriyyəti hüquq müdafiəçisi deyil. Bu təxribat, Azərbaycan hökumətinə qarşı qarayaxma, qaralama kampaniyasıdır. Məqsəd bu üsulla hökumətə təzyiq etməkdir”. 

“Beşinci kolon” üzvlərinin həm ölkə daxilində, həm də xaricində olduğunu söyləyən Ç.Qənizadə bildirib ki, xaricdə mühacir adı altında gizlənənlər Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı çirkin kampaniya aparırlar: “Bunlar xaricdəki mərkəzlərə bağlıdırlar. Onlardan maliyyə alırlar. Əsas məqsədləri ölkədə çaxnaşma yaratmaq, siyasi hakimiyyəti gözdən salmaq, ölkədə anarxiya yaratmaq, hakimiyyətin hansısa bir formada dəyişməsinə nail olmaqdır. Onlar məqsədə çatmaq üçün hər şeyə hazırdırlar. Bunun nəticəsidir ki, Milli Şuranın “zoom toplantı”sında bildirirlər ki, karantin rejiminin uzun müddət davam etməsi onların xeyrinədir. Belə düşüncədə olan insanlar xalqa necə rəhbərlik edə bilərlər? Yəni xalqın ən acı gününün daha da dərinləşməsi arzusunda olanlar heç vaxt xalqı təmsil edə bilməzlər”.