15 noyabr 2019 20:10
892

Xalqın qəlbinin səsi

Əminə Yusifqızı,

Yevlaxda çıxan “KÜR” qəzetinin baş redaktoru,
“Tərəqqi” medallı Əməkdar jurnalist

Ötən gün ölkə başçısı İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən  Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə  5 milyon manat ayrıldı.

Ulu öndər Heydər Əliyevin  hər zaman xüsusi  vurğuladığı bir fikir var idi: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Bu gün əbədiyaşar liderin layiqli davamçısı, “Mən bu xalqa xidmət etmək üçün varam” deyən cənab Prezident İlham Əliyev biz  yevlaxlılara 13 noyabr 2019-cu il tarixli Sərəncamı ilə hədsiz sevinc bəxş etdi. 1935 -ci ildən Yevlax rayonu kimi öz təşəkkülünü tapmış şəhərimizin daha da abadlaşması üçün  ölkə başçısının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı ayırdığı 5 milyon manat sanki ürəyimizə su səpdi. Bu,   bizim  üçün mühüm əhəmiyyət kəsb edən tarixi  bir Sərəncam idi. Hansı ki,  biz bu qərarı illərdir gözləyirdik.  Çünki əslində çökəklikdə  yerləşən və spesifik coğrafi quruluşa malik  Yevlax şəhəri üçün kanalizasiya xəttinin çəkilməsi  böyük önəm daşıyır.  Bu münasibətlə yüksək əhval -ruhiyyədə olan   şəhər sakinləri bir-birinə gözaydınlığı verir və ölkə başçısına çox sağ olun deyirlər. Axı bu sıradan bir hadisə deyil. Məhz  cənab İlham Əliyevin  yürütdüyü  inkişaf strategiyası Azərbaycanın gündən -günə dəyişən simasında özünün bariz təsdiqini tapır. Regionların sosial iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırır. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapır, özü də sürətlə.  Yadımdadır, Yevlaxda olarkən Prezident İlham Əliyev belə bir fikir söyləmişdi: “İlk növbədə cəmiyyətdə birlik olmalıdır, xalqla iqtidar arasında birlik. Bu birlik nə qədər güclüdürsə, o qədər də beynəlxalq arenada bizim söz deməyə gücümüz çatır. Bütün bunların hamısı xalqla bir yerdə olmaq, xalqın problemləri ilə yaşamaq, bütün səyləri insanların yaxşı yaşamalarına yönəltməkdir”. Bəli, həmişə xalqın qayğıları ilə yaşayıb problemləri diqqət mərkəzində saxlayaraq  bizim firavan və xoşbəxt həyatımız üçün çalışan dövlət başçımız üçün hakimiyyətə gəldiyi gündən yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan tək regionda deyil, dünya miqyasında da aparıcı bir dövlətə cevrilib. Cənab İlham Əliyevin vətəndaşlarla hər görüşünü izləyərkən məndə qəlbimi riqqətə gətirən bir təəssürat oyanır. Bir prezident bu qədərmi sadə, səmimi, içdən ola bilər?! Heç kimin ürəyinə dəyməyərək gənclərin bir istəyi ilə selfi çəkdirmək, problemləri səbrlə dinləyərək tövsiyələr vermək, bu qədər qayğılara rəğmən üzündən təbəssüm əskik olmayan İnsan hər zaman var olsun. Və bizim Prezident olsun!

Son günlər aparılan ciddi kadr islahatları da xalqın ürəyindən xəbər verir. Dövlətə sədaqəti ilə seçilən, Azərbaycanın hər guşəsini gülüstana  çevirmək üçün  əlindən gələni etməyə hazır olan, gələn gündən el dili ilə desək, qollarını çırmalayıb işə başlayan,  yüksək insani dəyərlərə malik   olub daim insanların yanında olan yeni kadrlar da cənab Prezidentimizin uzaqgörən siyasətinin bəhrəsidir.

Möhtərəm cənab Prezident!

Ziyalı, dövlətini və doğulub boya - başa çatdığı şəhəri canından artıq sevən bir yevlaxlı kimi sizə sonsuz təşəkkür edirəm. Siz hər zaman öz uzaqgörən və düşünülmüş daxili və xarici siyasətinizlə xalqımızın rifahı üçün əlinizdən gələni artıqlaması ilə edərək Azərbaycanı zirvələrə qaldırmısınız. Biz yevlaxlılar da bizə ayırdığınız bu xüsusi diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissimizi bildirir və hər zaman Sizin arxanızdayıq, deyirik. Çox sağ olun, xalqın qəlbinin səsi, cənab Prezidentim!