06 dekabr 2019 14:36
834

Xalqın rəyi ilə formalaşan bələdiyyələr gəncləşir - FOTO

Bələdiyyə Seçkilərinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi bu kampaniya çərçivəsində növbəti görüşlərini Orta Ləki və Yenicə kəndlərinin seçiciləri ilə  keçirib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvləri Anar Şahmuradov və Müzəffər Abdullayev iştirak ediblər.

A.Şahmuradov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumat verdikdən sonra, ötən dövr ərzində ölkədə və Ağdaş rayonunda görülmüş işlərə diqqət çəkib. Görülən işlərin Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu qeyd edib. Ağdaş rayonunda istehsal müəssisələrinin yaradılması, kənd yollarının yenidən çəkilməsi və əsaslı şəkildə təmir edilməsi, müasir məktəb və bağça binalarının tikilərək istifadəyə verilməsi, eləcə də digər infrastruktur layihələrinin icra edilməsi haqqında söz açıb.

M.Abdullayev bildirib ki, bələdiyyələr artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edirlər. Natiq seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşlərdə seçicilərdən Orta Ləki kənd sakinləri Faiq Mahmudov, Zeynəb Talıbova, Sevinc Cəbrayılova, Yenicə  kənd sakinləri Gülcənnət İsmayılova və Ayşən Həmidova ölkədə, eləcə də rayonda görülən işləri yüksək qiymətləndirdiklərini, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti yekdilliklə dəstəklədiklərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının bələdiyyələrdə təmsil olunan üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək bələdiyyələrin xalqa daha yaxın olmasına, sakinlərin istəklərinin nəzərə alınmasına, regionların müasirləşməsinə öz töhfələrini verməyə çalışıblar.  Onlar hər zaman olduğu kimi bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bəyan ediblər.

Orxan Vahidoğlu, “İki sahil”