14 avqust 2020 19:53
1812

Xarici siyasətimiz milli maraqlar üzərində qurulub

Dövlətimizin başçısı İlham Əliyevin hər zaman bəyan etdiyi kimi,  Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır

 

    Dövlətimizin başçısı İlham Əliyev  «Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir» fikirləri ilə Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri açıqlayır.

     Xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Azərbaycanın  qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir.  Ölkəmizin  dünyadakı rolunu və nüfuzunu  əks etdirən çox parlaq bir nümunə  155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, həmçinin ötən il 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etməsini, cari ildə pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini qeyd edə bilərik.  

  Xarici siyasətində iki və çoxtərəfli çərçivədə  əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə  genişləndirilməsində maraqlı olan Azərbaycanın  üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da əməkdaşlıq əlaqələrinin genişlənməsində və  möhkəmlənməsində nə qədər  maraqlı olduğunu nümayiş etdirir.  Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir.  Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Bakı-Tbilisi-Ceyhan və  Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu kimi  iqtisadi və siyasi əhəmiyyəti böyük olan dövlətləri, xalqları bir araya gətirən layihələr məhz regional əməkdaşlığa töhfələrdir.  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, onun əsas seqmentlərindən biri olan  TANAP istifadəyə verildi, cari ildə  TAP layihəsinin başa çatdırılması ölkəmizin tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsinə işıq salır.    Regional əməkdaşlığın inkişafına mühüm töhfələr sırasında 2018-ci ildə  Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını xüsusi qeyd etməliyik. İllərdir həllini gözləyən bu məsələ məhz ikitərəfli əlaqələrin inkişafı, ən əsası qarşılıqlı anlaşma, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapdı.

   Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirməsi  beynəlxalq səviyyədə  təqdir edilir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə də ölkəmizin regional əməkdaşlığa  töhfələri önə çəkilərək, beynəlxalq əlaqələrin coğrafiyasının genişləndirilməsi etibarlı tərəfdaş kimi nüfuz qazanmasının göstəricisi kimi qeyd edilmişdir. Pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin də qatıldığı Şərq Tərəfdaşlığı ölkələrinin videoformatda keçirilən  Sammitində əsas diqqət göstərilən məsələlərdən biri  məhz Azərbaycanın etibarlı tərəfdaş kimi  beynəlxalq aləmdə mövqeyini  möhkəmləndirməsi, enerji sektorunda qazandığı uğurlar  fonunda dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol oldu.

  Təbii ki, bu uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz deyil. “Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir” söyləyən cənab İlham Əliyev  bildirir ki, Azərbaycan bu istiqamətdə hüquqi, siyasi və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir.  Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki,  ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.

     Azərbaycanın  müxtəlif sahələr üzrə ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər də  reallıqlarımızın təbliğində mühüm rol oynamaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə yeri və mövqeyini təqdim edir. 2019-cu ildə bütün sahələr üzrə əldə edilən uğurlar  cari ildə də davam edir. Baxmayaraq ki, dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri ölkəmizdə daha da gücləndirilib, insanların sağlamlığının təminatı prioritet məsələ kimi öndədir. Belə bir şəraitdə dövlətimizin başçısı İlham Əliyev dünyaya birlik, həmrəylik çağırışını ünvanladı. Əks qütbləri bir araya gətirən ölkəmiz bu addımları ilə  birləşdirici, sabitləşdirici faktor olduğunu nümayiş etdirdi.  Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməyən yeganə ölkə işğalçı Ermənistan oldu.  Özünə qarşı beynəlxalq dəstəyin zəiflədiyinin şahidi olan Ermənistan hakimiyyəti, eyni zamanda, daxildəki problemlərdən diqqəti yayındırmaq üçün iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat törətməyi çıxış yolu hesab etdi. Bu təxribat beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən pislənildi, Azərbaycan Ordusunun qətiyyəti  dəstəkləndi. Ölkə daxilində və dünyanın müxtəlif ölkələrində Azərbaycan Ordusuna dəstək adı altında aksiyalar, yürüşlər təşkil olundu. Yenə də ermənilər öz vəhşiliklərindən  qalmayaraq, aksiya iştirakçılarına, səfirliklərimizə, konsulluqlarımıza hücumlar etdilər. 12 iyul təxribatına göz yuman dövlətlər ermənilərin xarici ölkələrdə törətdikləri hərəkətlərə də seyrçi mövqeləri ilə diqqət çəkdilər.

     Daha çox maraq doğuran  ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganə münasibətləri oldu. Bu baxımdan ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən qurum olaraq ATƏT-in Minsk qrupunun mövqeyi dövlətimiz, xalqımız üçün daha önəmli idi. Amma bu günə qədər fəaliyyətsizliyi missiyasının əsası kimi qəbul edən ATƏT-in Minsk qrupundan hansısa sərt addımı da gözləmək sadəlövlük olardı. Çünki Azərbaycan daim quruma həmsədr dövlətlərin  Ermənistana  maddi və mənəvi dəstəklərinin şahidi olub. ABŞ Konqresi hər il demokratiyaya  dəstək adı ilə Ermənistana və qondarma “Dağlıq Qarabağ respublikası”na yardımları artırır. Fransanın işğalçı dövlətə dost münasibətini  geniş təhlil etməyə ehtiyac yoxdur.  Fransa erməni diasporunun güclü olduğu ölkələr sırasındandır. Rəsmi Parisin heç bir araşdırma aparmadan  qondarma “erməni soyqırımı”nı tanıması, hətta ölkədə bunu tanımayanlara qarşı cəzanın tətbiqi məsələsinin müzakirəyə çıxarılması, digər dövlətlərdən də belə bir addımı gözləməsi Ermənistana olan sevgisinə aydınlıq gətirir. Digər həmsədr dövlət olan Rusiyanın Ermənistana dəstəyi illərdir göz qabağındadır. Bu fakt inkaredilməzdir ki, Rusiya 1990-cı illərin  ortalarından  başlayaraq  Ermənistanı silahlandırmaqla məşğuldur.  Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir.  Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun  ATƏT-in  Minsk qrupunun  həmsədri statusuna, üzərinə düşən öhdəliklərə ziddir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən qurumun həmsədri belə bir addımı atırsa, ondan problemin həllində ədalətli mövqeyi gözləməyə dəyərmi? Dövlətimizin başçısı  İlham Əliyev bu günlərdə   Rusiya Prezidenti Vladimir Putinə  telefon zəngində də  bu kimi məsələlərə diqqət yönəldib. İyulun 12-16-da  Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqəmətində göstərdiyi  təxribatdan,  həmin təcavüz aktı nəticəsində  Azərbaycan  Silahlı Qüvvələrinin hərbi qulluqçularının və  bir nəfər  mülki şəxsin  həlak olmasından danışan cənab İlham Əliyev    işğalçı dövlətin  bu hərbi hücumunun  əsas məqsədinin  qondarma «Dağlıq Qarabağ respublikası»nın  üçüncü tərəf kimi  cəlb edilməsi olduğunu  diqqətə çatdırıb. Məlumdur ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən danışıqların formatında dəyişiklik, qondarma «Dağlıq Qarabağ respublikası»nı üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyini ortaya qoydu. Rəsmi Bakı dərhal buna sərt münasibətini nümayiş etdirdi, belə bir danışıq formatının mümkünsüzlüyünü diqqətə çatdırdı. ATƏT-in Minsk qrupunun bəyanatında da belə bir formatın mümkünsüzlüyü   öz əksini tapdı.

Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir putinə telefon zəngində bu məqamlara da diqqət yönəltmişdir ki,  iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən  toqquşmalar  başa çatdıqdan sonra  iyulun 17-dən bu günə qədər Rusiyadan  Ermənistana hərbi təyinatlı   yüklərin daşınması intensiv xarakter alıb. Təbii ki, bu addım  Azərbaycan   ictimaiyyətində narahatlıq və ciddi  suallar doğurmaya bilməz.  Həmçinin  Rusiyadan  Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə  edərək bu günə qədər  Ermənistana  daşınan hərbi  təyinatlı  yüklərin həcmi 400 tondan artıq  olmuşdur.  Cənab İlham Əliyev  zəngin əsas məqsədinin də  məhz  bu məsələnin  aydınlaşdırılması olduğunu Rusiya Prezidentinə çatdırmışdır.

   Həmsədrlərin fəaliyyətsizliyindən, məsələnin həllinə ikili standartlarla yanaşmasından söhbət gedəndə daim tərkibin dəyişdirilməsi,  Türkiyənin həmsədr dövlət   qismində  prosesə cəlb olunması məsələsi  gündəmə gətirilir. Diqqət çəkən məqam bu olur ki, işğalçı dövlət İran İslam Respublikasının münaqişənin həllində vasitəçiliyini qəbul edir, amma Türkiyənin vasitəçiliyi məsələsi  qabardılanda sərt reaksiya bildirir. Bu da başadüşüləndir. Geniş şərhə ehtiyac duymuruq. Bircə onu qeyd etmək istərdik ki, ədalətin yanında olan dövlətlər Ermənistan üçün düşmən,   işğalçı dövlətə dəstək olub, ədalət meyarın maraqların arxasında gizlədənlər isə dost imicini qazanır. Rəsmi Ankara bütün məsələlərdə Azərbaycanın yanında olub.  12 iyul təxribatına ilk münasibət bildirən də Türkiyə idi. «Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu birliyi, dəstəyi belə dəyərləndirmişdir: «Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.»  Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məqama xüsusi diqqət yönəldərək bir daha bildirmişdir ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər  biri-birinə yaxın və bağlı olan ölkələr yoxdur: «Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz- iki qardaş ölkə  öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik.» Türkiyənin hər zaman haqqın, ədalətin yanında olması Ermənistanı narahat edir. Digər tərəfdən Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürət işğalçı dövlət Türkiyəyə də qarşı qondarma «erməni soyqırımı» iddiasını irəli sürür.  Rəsmi Ankaranın Dağlıq Qarabağ probleminin həllində    Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan tərəfindən birtərəflilik kimi dəyərləndirilir. Ədaləti müdafiə  etmək birtərəflilikdirsə, işğalçıya dəstək olmaq necə dəyərləndirilməlidir?

      Azərbaycanın diplomatik uğurları davamlılığı ilə diqqət çəkir. Məlum olduğu kimi,  Azərbaycan ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünə ev sahibliyi etdi.  Cənab İlham Əliyevin  Rusiyanın Soçi şəhərində  “Valday” Beynəlxalq Diskussiya  Klubunun  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirakı xüsusi diqqət çəkdi.  Azərbaycan, eyni zamanda, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi.  Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Ötən il  Vaşinqtonda  Dünya Astronavtika Konqresi keçirildi. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə  Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması da Azərbaycanın böyük uğuru, düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır:” “Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.»

Göründüyü kimi,    bütün dövlətlərlə bərabərhüquqlu, qarşılışlı hörmət və milli maraqlar əsasında əlaqələrini quran və genişləndirən, iqtisadi imkanları günbəgün artıran və bu fonda ordu quruculuğu sahəsində  lazımi addımların atılmasına nail olan  Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.  Cənab İlham Əliyev bu cağırışı edir ki, Dağlıq Qarabağ probleminin həlli  gündəlik işimiz olmalıdır. Hücum diplomatiyasını uğurla həyata keçirən ölkəmizin real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatının qarşısında ermənilərin acizliyi daha qabarıq şəkildə görünür. Əsas olan budur ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar bəyanatlardan real addımlara keçsinlər. Nə zamanadək  qərar və qətnamələr kağız üzərində qalacaq, işğalçı dövlətdən  münaqişənin həlli istiqamətində normal addım gözləmək sadəlövhlük olar.

Yeganə Əliyeva, “İki sahil”