24 fevral 2020 20:55
2008

Xocalı 28 ildir dünyaya haqsızlıqlara “Dur!” demək, ədalətə ədalət gözü ilə baxmaq çağırışını edir

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar əhəmiyyətsiz hesab edib, yeni ideya axtarışına çıxmaqla dünyadan gələn dəstəyə aydınlıq gətirdi

Hər zaman dünyaya edilən “həqiqətlərə maraqların deyil, həqiqətin gözü ilə baxaq” çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüququn norma və prinsipləri deyilən məfhum mövcuddur ki, ona böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas normalarından biri Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir.

Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə iştirakı əsasında  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə işğalçı dövlətin rəhbərinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik göstərərək onları inkar yolunu tutmasına, ən əsası əhəmiyyətsiz bir sənəd kimi qəbul etməsinə yaradılan şərait diqqətdən kənarda qalmadı. Bir ölkənin rəhbərliyi beynəlxalq tədbir çərçivəsində dünya üçün qəbul olunan prinsipləri öz maraqlarına uyğun təhlil edir, dəqiq desək, dəyişiklik aparır, amma buna beynəlxalq səviyyədə göz yumulur. Niyə? 30 ilə yaxındır ki, rəsmi Bakı bu niyələrə cavab axtarır. Nikol Paşinyan bildirir: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə. Bu sənədlərin ümumi mənası nə olub? Bu sənədlərin ümumi mənası hər cür zorakılığın qarşısını almaq və hərbi əməliyyatların dayandırılması məqsədilə qeyd-şərtsiz və dərhal atəşkəs elan edilməsindən ibarət olub. Biz BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinə baxdıqda görərik ki, orada yazılıb ki, Azərbaycan atəşkəsi pozub və nəticədə torpaqlarını itirib. Hər şeydən öncə Təhlükəsizlik Şurası qətnaməsinin şərtlərinə əməl etməyən Azərbaycan özü idi. Bunu bəyan etmək çox vacibdir. Lakin bilirsiniz, mən Azərbaycan və Ermənistan liderləri üçün hər dəfə eyni şeyləri təkrar etməyin yaxşı yol olduğunu düşünmürəm. Lakin təəssüf ki, son 25, hətta 30 il ərzində biz hər dəfə eyni şeyləri təkrar edirik. Qorxuram ki, beynəlxalq ictimaiyyət müəyyən mənada eyni şeyləri eşitməkdən artıq yorula. Düşünürəm ki, biz yeni ideyalar gətirməliyik.” Düşünürük ki, geniş şərhə ehtiyac yoxdur. Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini bir kənara qoyub yeni ideya axtarışına çıxan Paşinyanda bu sərbəstlik, ərköyünlük haradan qaynaqlanır? Moderatorun Paşinyanın tarixi faktlara kölgə salan çıxışlarını hər dəfə böyük təşəkkür hissi ilə qarşılaması da bir çox məqamlara aydınlıq gətirdi. Tədbirdə tarixçilərin iştirakı dəfələrlə önə çəkilsə də biri-biri ilə təzad təşkil edən “Düşünürəm ki, tarixçilər bizə anlamaqda kömək edə bilər”, yaxud “Lakin onlar həmişə bizə prosesi necə irəli apara bilməklə bağlı kömək edə bilmirlər” fikirləri bizləri dost, qardaş Türkiyənin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı erməni və Türkiyə tarixçilərindən ibarət Komissiyanın yaradılması və  dünya arxivlərinin açılması təklifinə işğalçı dövlətin rəhbərliyinin cavabını yada saldı- Bu məsələ ilə tarixçilər yox, siyasətçilər məşğul olur.

Təbii ki, özlərinə saxta tarix yazıb illərdir yalanlarını həqiqət kimi dünya ictimaiyyətinə sırımağa çalışan ermənilər üçün tarixin araşdırılması tarixçilərin deyil, siyasətçilərin vəzifəsi olacaq. Qeyd olunan tədbirdə moderatorun tarixçilərlə bağlı iradları da onlara ilk addımdan bu mesaj idi ki, susmaq, işğalçı dövlətin rəhbərinin yalanlarına şərik olmaq kifayətdir. Amma sual olunur- Susan tarixçilər tarixi də susdura biləcəklərmi? 

2018-ci ildə Azərbaycan-Türkiyə birliyinin təcəssümü olan “Star” neft emalı zavodunun açılışında Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın dünyanın ikili siyasətinin yaratdığı problemlərə işıq salan fikirlərini yada salaq: “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”

28 ildir dünyadan ədalət gözləyən Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.  Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi böyük nufuza və söz sahibinə malik olan bir dövlət ermənilərin dünyaya sırıdığı  qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır? Dövlətimizin başçısı İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində Xocalı soyqırımı ilə bağlı söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “ Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir.”

XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməni qəbul etməsini,  İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir: “Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.”

Xocalı faciəsinin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları da təsdiq edir”. Lakin dünya bu reallıqları bir kənara qoyub hələ də susmaqda davam edir. Bu susqunluğun arxasında dayanan maraqlar hər an açıqlandıqca illərdən bəri davam edən ikili siyasətə nə zamansa son qoyulacağına inam tamamilə itir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər bir yazımızın mahiyyətində dayanan bu reallığı yenə də təkrar qeyd etməyə məcburuq ki, cinayət cəsasız qalanda növbəti cinayətlər baş qaldırır.

2016-cı ilin aprelində təmas xəttində yaşananları xatırlayaq. İşğalçı dövlət şəhər və kəndlərimizə hücum edərək təmas xəttində növbəti cinayəti törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, 26 mülki şəxs yaralandı, yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonunda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə ərazi azad edildi, bayrağımız həmin ərazilərdə yüksəldildi. Dövlətimizin başçısı İlham Əliyev uğurumuza sökənərək bildirir: “Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.” Lakin işğalçı dövlət yenə də məkirli siyasətini davam etdirdi.  Füzuli rayonuna məqsədli hücum nəticəsində 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. Onun ardınca Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Bunlar təkcə son illərdə ermənilərin törətdikləri vəhşiliklərdir.

Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ulu Öndər 1997-ci ildə  hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayıb. Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları davamlıdır. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Diplomatik mübarizədə qələbəmiz, həmçinin iqtisadi imkanlarımız fonunda güclənən ordumuz yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər gün, hər an yaxınlaşdırır.

Yeganə Əliyeva, “İki sahil”