24 fevral 2020 20:11
1724

Xocalı – cəzasız qalan cinayət

Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və
törədilən cinayətlərin ağırlığına görə
Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

Erməni millətçilərinin iki əsr ərzində Azərbaycan xalqına qarşı törətdikləri ən dəhşətli qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır. Bu gün dünyaya özlərinin “soyqırımı”na məruz qaldıqları barədə yalanları qəbul etdirməyə çalışan ermənilərin bu qanlı cinayətlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü şəkildə ardıcıl iş aparılır. Faciənin ildönümləri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində silsilə anım tədbirləri, konfranslar, yürüşlər təşkil olunur.

Ədliyyə Akademiyasının əməkdaşı, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Fatimə Zərbiyeva Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məqalə yazıb.

AZƏRTAC məqaləni təqdim edir.

XX əsrin ən dəhşətli faciələrindən olan, təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi bəşər tarixinə əbədi həkk olunmuş Xocalı soyqırımından 28 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalı şəhərini zəbt edib, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçiriblər. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bəşəriyyətə və insanlığa sığmayan bu dəhşətli faciə bütün əlamətləri ilə BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyasında təsbit olunduğu kimi, insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn soyqırımı cinayətinə aiddir.

Beynəlxalq məhkəmə həmin Konvensiyanın irəli sürdüyü prinsipləri beynəlxalq hüququn bir hissəsi hesab edir, bundan irəli gələrək məcburi xarakterli normalar kimi dəyərləndirir və ölkəmiz Konvensiyanı ratifikasiya etməklə bu normalar Cinayət Məcəlləsinə daxil olub.

Soyqırımı cinayətini digər beynəlxalq cinayətlərdən fərqləndirən zəruri amil xüsusi niyyətin olmasıdır. Xocalıda ermənilərin sırf azərbaycanlı millətindən olanların məhv edilməsi niyyəti ilə törədikləri kütləvi qətliamlar məhz onun həm beynəlxalq, həm də milli hüquq sferasında soyqırımı cinayəti kimi tövsif edilməsini labüd edir.

Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Aparılmış istintaq nəticəsində toplanmış materiallardan, lentə alınmış video və fotoşəkillərdən məlum olur ki, Xocalı soyqırımı insan hüquqlarına dair bütün beynəlxalq aktların tələblərini kobudcasına pozan erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı (genosidi) günü haqqında” Qərar qəbul edilmiş və fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü elan olunub. Dahi öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikasının ərazisində soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib.

Xalqımızın başına gətirilən Xocalı faciəsinin unudulmaması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, soyqırımından zərərçəkən şəxslərə qayğı göstərilməsi, cinayətkarların cəzalandırılması yönündə aparılan təbliğat dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Bu günlərdə dünyanın ən nüfuzlu dialoq platformalarından olan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr həm ölkəmizdə, həm də bütün dünyada işğalçılara tarixi dərs kimi yaddaşlara həkk olunub. Həmin konfransda Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla debatında Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. N.Paşinyanın heç bir mötəbər sübuta söykənmədən Xocalı soyqırımı ilə bağlı inandırıcı olmayan və bir o qədər gülünc bəyanatına cavab olaraq dövlətimizin başçısı soyqırımı törətmiş erməni hakimiyyətinin öz layiqli cəzasını alacağını bəyan edib: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”. Azərbaycan Prezidentinin özünəinamlı, tutarlı çıxışı işğalçılar üzərində diplomatik və psixoloji qələbəsi idi. Bu qələbə, bütün xalqımıza, o cümlədən biz gənclərə azərbaycançılıq, vətənpərvərlik, həmrəylik mövzusunda əvəzsiz nümunədir.

Hazırkı vətənpərvər Azərbaycan gəncliyi digər sahələrdə olduğu kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, əzəli tarixi torpağımız Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və tanıdılmasında ölkə rəhbərinin ətrafında sıx birləşib. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə geniş vüsət alan “Xocalıya ədalət” kampaniyası öz ətrafında minlərlə gənci birləşdirərək dünyanın əksər dövlətlərinə səs salıb. Kampaniya çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilib. Bu istiqamətdə aparılan sistemli işin nəticəsidir ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Xocalı soyqırımından 28 il ötsə də, xalqımız faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edir, bununla bağlı ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri və aksiyalar keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ön cərgədə olduğu və on minlərlə insanın, o cümlədən gənclərin, könüllülərin qatıldığı ümumxalq yürüşlərinin keçirilməsi məhz faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Soyqırımının ildönümü ilə əlaqədar bu günlərdə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında keçirilmiş Ümumavropa Qarabağ mitinqində müxtəlif dövlətlərdə yaşayan yüzlərlə soydaşımız, gənclər ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Xocalı həqiqətlərini, faciənin ağrısını, acısını, sözün əsl mənasında dərk etmək və dünya ictimaiyyətinə çatdırmaqda, digər ölkələrin vətəndaşları arasında zəruri olan məlumatların geniş yayılmasında bugünkü Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Ölkə gəncləri, eyni zamanda, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olan könüllülük hərəkatının əsas aparıcı qüvvələri bu istiqamətdə maarifləndirmə işinin aparılmasına öz dəstəyini, töhfələrini verirlər. 2016-cı ildə ASAN könüllülərinin hazırladığı "Xocalıyıq" adlı sənədli film Xocalı hadisələri ilə bağlı həqiqətlərin təbliğinə və ictimaiyyətin məlumatlandırılmasına xidmət edib.

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlər sırasında Ədliyyə Akademiyasının və “Ədliyyə Könüllüləri” ictimai birliyinin “Könüllülər ili” çərçivəsində 90-a yaxın ədliyyə könüllüsünün və gənc ədliyyə işçilərinin iştirakı ilə birgə keçirdiyi “Xocalını unutma” adlı ədəbi-bədii tədbir erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasəti, o cümlədən Xocalı soyqırımının ağır nəticələri barədə gənclərimizi bir daha məlumatlandırmaq, onların vasitəsilə ölkəmizin həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Bu gün müasir Azərbaycan gəncliyi anlayır ki, Xocalı soyqırımını törədən mənfur erməni qəsbkarlarının cinayətkar əməllərinin pislənilməsində, qətliama siyasi-hüquqi qiymət verilməsində, faciə barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasında hər birimiz daha fəal olmalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisənin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir.