25 fevral 2020 20:38
2002

Xocalı soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır

“Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Belə ki, onlar yalnız azərbaycanlı olduqları üçün yaşadıqları tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycan Ombudsmanı Səbinə Əliyeva bildirib.

Səbinə Əliyeva qeyd edib ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək istəyir, bu yolda dəhşətli cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirdi. XX əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımı bu aqressivliyin və cinayətkar erməni siyasətinin bariz nümunəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı qətliamının, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımlarının ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub.

1992-ci il fevralın 26-da Xocalıda baş verən faciə dünya tarixində misli görünməyən soyqırım aktı idi. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!”” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər.

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydıqlarını da vurğuladı. Bəyanatda qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Bəyanatda, həmçinin qeyd olunur ki, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır: “75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır”.”

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”