08 avqust 2019 19:36
1168

XXXI Beynəlxalq İnformatika Olimpiadası:  texnoloji uğurların təqdimatı

Dövlətimizin başçısı İlham Əliyev son 16 ildən artıq dövrün uğurlarından bəhs edərkən zamanın, dövrün tələbinə uyğun olaraq yeni texnologiyaların inkişafını xüsusi vurğulayır: “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu... Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.”

Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycanın iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri təbii ki, elmi, intellektual potensialıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bugünkü uğurlarımızda elmin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Bir sözlə, mövcud şərait düşünən və araşdıran gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön palana çıxarır. Bu, gəncliyin potensialından səmərəli istifadənin aktuallığının təsdiqidir.

Azərbaycanın avqustun 4-dən 11-dək davam edən XXXI Beynəlxalq İnformatika Olimpiadasına ilk dəfə ev sahibliyi də istər yeni texnologiyaların inkişafı, istərsə də gənclərimizin təhsili, elmin nailliyyətlərinə dərindən yiyələnmələri, bacarıqlarını ortaya qoymaları üçün mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.  Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın XXXI Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına təbrikində də bu əminliyi ifadə etmişdir ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilib. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır.

“Beynəlxalq İnformatika Olimpiadası bu baxımdan qarşınızda yeni üfüqlər açır” söyləyən Mehriban Əliyeva qeyd edir ki, hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyildir. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində ümumilikdə yüz altmış medal qazanmışlar.

Dövlətimizin başçısı İlham Əliyev ötən il ADA Universitetində keçirilən məzun görüşündə də gənclərə bu çağırışları etmişdir. Təhsilin hər bir dövlətin gələcəyi olduğunu önə çəkən ölkə Prezidenti vurğulamışdır ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlsin. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir: “Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur.”

Bu rəqəm də açıqlanır ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Ölkə Prezidenti, eyni zamanda, bildirir: “Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır.”

Gənclərə diqqət və qayğı, onların elmin sirlərinə dərindən yiyələnmələri üçün səylər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub. Azərbaycanın müstəqilliyini düşünən Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Gənclər Gününün təsis edilməsi, ənənəvi olaraq Gənclər forumlarının təşkili onların potensial imkanlarını ortaya qoymalarına geniş yol açdı. Son 16 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Təkcə ötən il və cari ilin arxada qalan dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir.

Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman da deyilənlərin bariz nümunəsidir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında təsdiq edilən gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır.

“Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Avropaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə daim  maraq göstərir.

Ümumiləşdirilmiş şəkildə desək, davamlı inkişaf təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunmasını bir tələb kimi ortaya qoyur. İqtisadiyyatın elmi əsaslara söykənməsi qarşıya çıxan problemlərin həllində açardır. Elmə və yeni texnologiyaların bir-biri ilə zəncirvari bağlılığı iqtisadi tərəqqini qaçılmaz edir.

Yeganə Əliyeva, “İki sahil”