KÖŞƏ

Mənsumə Babayeva

Yalan, böhtan “müəllifləri”

05 dekabr 2019 10:42
439

Azərbaycanın parlamentinin müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Təəssüflər olsun ki, hər zaman uğurlarımıza, atılan addımlara qara eynəkdən baxmağa adətkar olan, bütün rəngləri ancaq və ancaq qara görən, xalqın,  dövlətin mənafeyini öz şəxsi ambisiyalarına qurban verən, anti-Azərbaycan dairələrin göstərişləri  əsasında hərəkət edən radikal müxalifət ənənəsinə sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə, ictimai fikri çaşdırmağa  cəhd göstərir.

Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyə tamamilə uyğundur. Dünyanın bir sıra ölkələrində bu praktikaya tez-tez rast gəlinir.  Bu beynəlxalq təcrübə haqqında mətbuatda kifayət qədər materialların dərc olunduğunu da görürük.  Bizim müxalifət başbilənləri isə tamamilə əksinə düşünürlər. Maraqlısı odur ki, əgər qanunvericilik və beynəlxalq təcrübə nümunələri iqtidar partiyasının bu addımına tərəfdirsə, o zaman müxalifət niyə bu şəkildə özünə “əl qatır”, növbədənkənar  seçkiləri qərəzlə qarşılayır? Ümumiyyətlə, Azərbaycan müxalifətinin istər parlament, istərsə də prezident seçkiləri ilə bağlı taktikasına  nəzər yetirsək, onların yalnız bir xətt tutduqlarının şahidi olarıq. Bu da ondan ibarətdir ki, bu ünsürlər neçə illərdir  seçkilərdə iştirak edib, olmayan sosial bazalarının şahidinə çevrilmək əvəzinə, boykot yolunu tutaraq beynəlxalq ictimaiyyəti öz yalanlarına inandırmağa çalışıblar. Bu yalan isə ondan ibarətdir ki, guya ölkəmizdə  demokratik seçki mühiti yoxdur, nəticələr saxtalaşdırılır. Bu fikirlər onların qərəzli mövqelərinə işıq salmaqla yanaşı, münəccimliklərini də ictimaiyyətə  açıqlayır.

Ölkəmizdə gözlənilən növbədənkənar parlament seçkiləri ilə bağlı  “Milli Şura”çılar bu günlərdə  toplantı keçirərək  qeyd ediblər ki,  indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə  seçki mühiti yaradılmalıdır. Gülüş və ikrah doğuran  yanaşma deyilmi? Dağıdıcı ünsürlərin məsələnin mahiyyətini dərk etmədən, sadəcə “biz də varıq” demək üçün siyasi savadsızlıqlarına bir daha işıq salan  açıqlamalarla çıxış etməsi ictimai qınağı daha da dərinləşdirir. “Milli Şura”çıların  yersiz açıqlamaları, eyni zamanda,   özlərinə bəraət qazandırmaqdan başqa bir şey deyil. Əslində, sosial bazaları lazımi səviyyədə, sanballı namizədləri yoxdur ki, sivil  şəkildə seçkidə iştirak etsinlər.

Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi  Əli Əhmədov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi tez-tez rast gəlinən  hadisədir: “Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilmişdir. Gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar.  Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. “Milli Şura”nın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir. Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür”.

Qeyd etdiklərimizin və tarixə qısa baxışın fonunda  bu ümumiləşdirməni apara bilərik ki, radikal  düşərgədə təmsil olunan partiyalar hər zaman milli və dövlətçilik maraqlarına zidd  fəaliyyətləri ilə seçiliblər. Onların bu cür yanaşmaları ədalətsizlik və qərəzlilikdir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalq-iqtidar birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır. 

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?