18 noyabr 2019 19:59
957

YAP-a milyonların sevgisi şəksizdir

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə  ərazi ilk təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Azəriqaz”” İstehsalat Birliyi üzrə  ərazi ilk təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirdi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin xatirəsi  bir dəqiqəlik  sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan  Birliyin Baş direktoru Ruslan Əliyev bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmçinin müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf, tərəqqi yoluna çıxmasından, son 16 ildə bu siyasi kursu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatlarından geniş bəhs etdi. Bildirdi ki, respublikamızın ağır günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın uzaqgörən, mütərəqqi insanlarının, ziyalıların təşəbbüsü  və fəal iştirakı ilə 21 noyabr 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.

R.Əliyev qeyd etdi ki, YAP ötən  27 ildə  inkişafın bütün sahələrinə nüfuz etmiş, daha da təkmilləşmiş, Azərbaycanın hər biri uğurunda öz payı, yeri vardır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında tanınmasında, regionun lider dövlətinə  çevrilməsində Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir.  Partiyanın hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək bu istiqamətdə ciddi səylər göstərir.

YAP Xətai rayon təşkilatının “Azəriqaz” İB üzrə ərazi ilk  təşkilatının sədr müavini Cəlal Musayev bildirdi ki,   yaranmasının 27-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının  yaranma zərurəti  illər keçdikcə daha aydın görünür, təhlillər fonunda bu reallıq  diqqətə çatdırılır ki,  bu mühüm hadisə müasir Azərbaycanın dövlətçiliyi tarixində dönüş nöqtəsi idi.  Tariximizə qızıl hərflərlə yazılan  “91-lər”in  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevə 16 oktyabr 1992-ci il tarixli “Azərbaycan Sizin sözünüzü  gözləyir” müraciəti müstəqilliyimizin əbədiliyini təmin etdi. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan həmin müraciətdə  qeyd olunduğu kimi, o çətin  günlərdə məsuliyyətli işi  öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi.   Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən  narahatlığının ifadəsi kimi  dəyərləndirildi.  Həmin cavabda Ümummilli Lider   bu inamı  ifadə etmişdir ki,   yaradılması obyektiv zərurətdən doğan Yeni Azərbaycan Partiyası ölkəmizin  ictimai-siyasi  həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

C.Musayev qeyd etdi ki, dahi şəxsiyyət  Heydər Əliyev bu cavabı ilə xalqına, dövlətinə,  Vətəninə sevgisini, bağlılığını bir daha nümayiş etdirdi. Bu günümüzün reallıqları Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin təsdiqidir.  Partiyanın ən önəmli, bu günümüz üçün zəruri olan uğuru yaranmasından 6 ay sonra iqtidar partiyasına çevrilməsi oldu.

O da  bildirildi ki,  SOCAR-ın digər  strukturları  kimi, onun ayrılmaz hissəsi olan “Azəriqaz” İB-nin kollektivi və ilk partiya təşkilatı respublikamızın qazandığı bu nailiyyətlərdən, uğurlardan ruhlanaraq öz işini daim təkmilləşdirir, qarşıda duran vəzifələrin vaxtında yerinə yetirilməsinə ciddi səylər göstərir. Bu gün  “Azəriqaz” İB üzrə  ərazi ilk təşkilatı öz ətrafında 450 nəfərə yaxın üzvü birləşdirir. Yeni üzvlüyə qəbul olunanların 70 faizdən çoxu gənclərdir.  “Azəriqaz”İB kollektivi və onun ilk partiya təşkilatı yarandığı gündən ulu öndər Heydər Əliyevin siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevin yeritdiyi siyasətə öz sadiqliyini əməlləri  ilə sübut edirlər.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,   1993-cü ildə ümummilli lider  Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu.  Son 16 ildə Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 

“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki,  müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. Azərbaycanı  müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyan o vaxtkı iqtidar, bu gün isə özlərini  müxalifətin “öncülləri” kimi  təqdim edən qüvvələr məhz bu reallığı unutmamalıdırlar ki, gələcəyə keçmişləri ilə   addımlayırlar.

H.Mirələmov qeyd etdi ki, xalqın inamını qazanan bir partiyanın uğurlu gələcəyi danılmazdır.  Bu inam  partiyanın yaradıcısı  ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda, son 16 ildə  bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  nəticəsində qazanılıb. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası  real işləri,  yeni-yeni hədəflərə verdiyi töhfələri ilə diqqət çəkir. Dövlətə, xalqa xidmət YAP-ın fəaliyyətinin əsas istiqamətidir. Partiyanın ölkədə keçirilən seçki prosesləri üçün seçdiyi şüarlar həmin dövr üçün müəyyənləşdirdikləri hədəflərə, qarşıya qoyduqları məqsədlərə işıq salır. Əgər əvvəllər Yeni Azərbaycan Partiyası  “Yeni, müstəqil Azərbaycan uğrunda” devizini əsas tuturdusa, bu gün artıq  yeni hədəflərə doğru “İlhamla irəli”  deyir. Bu hədəflər isə hər kəsə məlumdur. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz bütün sahələrdə uğurlu nəticələri, onlara yol açan təkmilləşməni və yeniləşməni bir tələb kimi ortaya qoyur. Bu gün müstəqil Azərbaycana hansı tərəfdən baxsaq, yalnız və yalnız inkişafı görmək mümkündür. Təbii ki, bu uğurlarda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının töhfələri davamlıdır.

“Tarixə uğurlar, qələbələr partiyası kimi  daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir” söyləyən H.Mirələmov bildirdi ki, partiya hər bir seçkidən uğurla çıxmaqla  xalqın dəstəyinin nə qədər böyük olduğunun şahidinə çevrilir. 2019-cu il ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının bu seçki prosesindən də uğurla çıxacağı, Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifənin yazılacığı qaçılmazdır.

H.Mirələmov Yeni Azərbaycan Partiyasının rayon təşkilatları arasında YAP Xətai rayon təşkilatının ilk yarananlardan olduğunu önə çəkərək, təsis konfransını 1993-cü il  fevralın 13-də keçirən təşkilatın özündə 4 seçki dairəsini, 135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda,   16371 üzvü birləşdirdiyini diqqətə çatdırdı.

YAP Xətai rayon təşkilatının sədri H.Mirələmov ölkənin ictimai-siyasi həyatında xüsusi fəallığına görə  “Azəriqaz” İB  üzrə ərazi ilk  təşkilatına Fəxri fərman təqdim etdi.

 Sonra gündəliyə uygun olaraq təşkilati məsələlərə baxıldı. 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi. “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev YAP Xətai rayon təşkilatının “Azəriqaz”İB üzrə ərazi ilk  təşkilatının sədri, Cəlal  Musayev və  Əlibaba Bayramov təşkilatın sədr müavinləri seçildi.

Sonda  partiya sıralarına yeni daxil olmaq istəyənlərin müraciətinə baxıldı.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto),
“İki sahil”