27 mart 2020 10:09
1419

YAP Gənclər Birliyi növbəti sosial layihəyə başlayıb

YAP Gənclər Birliyi koronavirusla bağlı tədbirlər çərçivəsində növbəti sosial layihəyə başlayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində növbəti sosial layihəyə start verib.
YAP-dan AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Müdafiə Fondu tərəfindən yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara dərman vasitələri, kommunal ödənişlərin edilməsi və sair istiqamətdə xüsusi sosial xidmətlər göstərilir. Bu aksiyada Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri fəal iştirak edəcəklər. Artıq 500-dən artıq könüllü bu aksiyada iştirak etmək üçün müraciət edib. Sabahdan bu aksiyaya start veriləcək.
Qeyd edək ki, YAP-ın bu qəbldən olan “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası mart ayının 21-dən start götürüb və aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar. “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya mart ayının 29-dək davam edəcək.