27 mart 2020 15:03
1452

YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir

YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir

Hər addımında dövlətin, xalqın maraqlarını üstün tutan, sözlə əməl birliyini, monolitliyini daim qoruyan Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri  yaxından dəstəkləməkdə davam edir.

Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.

YAP Sumqayıt şəhər təşkilatının könüllüləri də yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsində (dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s.) yaxından iştirak edirlər. Belə ki, bu sahədə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının könüllüləri bu fəaliyyətdən məmnun olduqlarını, hər zaman tənha və yaşlı insanlara kömək edəcəklərin bildiriblər. Bu məqsədlə YAP-ın Bakı şəhəri üzrə 200-dən yuxarı, Azərbaycan üzrə 550-dən artıq könüllüləri bu işə səfərbər olunub.

Qeyd edək ki, YAP-ın bu qəbildən olan "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası mart ayının 21-dən start götürmüş və aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.