YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə yubiley tədbiri keçirildi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin qərargahın foyesində qoyulmuş büstünün önünə əklil qoydular.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranmasını Azərbaycanın müstəqilliyinin əbədiyyət rəmzi, ölkədə milli birlik və sabitliyin əsas təminatçısı adlandırdı:
- 21 noyabr 1992-ci ildə, ölkədəki siyasi gərginliyin davam etdiyi dövrdə, 550 nəfərin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. O illərdə ölkədə yaranan hərc-mərclik respublikanı uçuruma aparırdı. Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıqsızlığı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar. Xalqla iqtidar arasında böyük uçurum yaranmışdı. Belə bir çətin dövrdə ölkə ziyalıları Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət edərək xalqı düşdüyü bəladan qurtarmağa çağırdılar. Bu məqsədlə ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırda regionda siyasi çəkisinə görə öndə gedən qüdrətli siyasi təşkilat olan YAP yarandı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə xalqa güvənən ulu öndər Heydər Əliyevin iştirakı ilə hazırlanan partiyanın Nizamnamə və Proqramında müstəqilliyin əbədiliyi, gələcək inkişaf konsepsiyası başlıca məqsəd və amal kimi əksini tapdı. Bu gün qüdrətli Azərbaycanın qazandığı nailiyyətlərlə öyünən hər bir vətəndaşın yüksələn rifahının əsasında Ulu Öndərin ideyaları dayanır. Müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə iqtidara gəlməsi təşkilata , onun yaradıcısı Ümummilli Liderə ümumxalaq məhəbbətinin ifadəsi idi.
Qeyd olundu ki, 1993-cü ildə Bakıya qayıdan Ulu Öndərin ətrafında sıx birləşən insanların sabaha ümidi artdı, iqtisadiyyat dirçəldi, xalqın güzəranı yaxşılaşdı. İqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü dedi. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyəsi yüksəlməli, sabitilik , inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli.
YAP Siyasi Şurasının üzvü, «91-lər»in nümayəndəsi, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yubiley münasibətilə YAP Yasamal rayon təşkilatının üzvlərini təbrik edərək bildirdi ki, zamanın tələbinə uyğun zərurətdən yaranan YAP ilk gündən Azərbaycan xalqının mənafelərinə xidmət etməklə, ölkəmizin qarşısında duran məsələlərin həlli üçün müstəqilliyimizin təminatçısı kimi də özünü doğrultdu:
- Qüdrətli dövlət kimi beynəlxalq aləmdə mövqeyi möhkəmlənən, yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan partiyanın lideri kimi üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, süverenliyimizin əbədiliyi naminə qətiyyət göstərdi. YAP ölkədə ictimai-siyasi həyatın gərgin olduğu, iqtisadiyyatın dağıldığı, insanların xaos içərisində yaşadığı bir dövrdə yaranmışdır. Xalqın iradəsinə, istəyinə uyğun təsis edilən təşkilatın yaranmasında xüsusi rolu və xidmətləri olan «91-lər»in davamçıları indi sayı 750 mindən çox partiya üzvləridir. Yeni yaranan təşkilatın vəzifələrini ilk müsahibəsində açıqlayan Ulu Öndər qeyd edirdi ki, biz müxalifət naminə müxalifətdə olmayacağıq, biz xalq naminə müxalifətdə olacağıq. Belə də oldu. Qısa müddətdə varlığını əməli fəaliyyəti ilə təsdiqləyən, Vətəninə bağlı insanların birləşdiyi YAP milyonların partiyası adını qazandı.
Partiyanın regionda artan nüfuzundan bəhs edən Vüqar Rəhimzadə bildirdi ki, bölgədə olduğu kimi, beynəlxalq aləmdə də tanınan partiyamızın siyasi təşkilatlarla əlaqələri genişlənir. Gənclərin, qadınların təşkilata axını sürətlənir. Gənclər aydın başa düşürlər ki, hər bir partiya üzvü ölkənin siyasi, iqtisadi həyatında iştirakları ilə məsuliyyətlərini də dərk etməli, quruculuq işlərində fəallıqlarını artırmalıdırlar. Bu birliyin nəticəsidir ki, bütün siyasi kampaniyalarda ümumxalq etimadı qazanan, üzvlərinin sayı kimi, kəmiyyət və keyfiyyət baxımından yüksələn partiyamıza inam və etimad artır. Ölkəmizdə beynəlxalq konfransların, simpoziumların, Qoşulmama Hərəkatı, Dünya Dini Liderlərinin sammitləri kimi mühüm tədbirlərin keçirilməsi Azərbaycanın dəstəklənən diplomatiyasının dünyaya təqdimatıdır. Reallıq budur ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin davam etdirdiyi dövlətçilik ənənələri xalqımıza, dövlətimizə uğurlar qazandırır.
Vüqar Rəhimzadə gəncləri virtual məkanda, sosial şəbəkələrdə antimilli qüvvələrə qarşı mübarizədə də fəal olmağa çağırdı. Qeyd edildi ki, gənclər dağıdıcı müxalifətin ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında iştirakları ilə ölkədə sabitliyin təminatına töhfələrini verməli, vətəndaşlıq mövqelərini bildirməlidirlər.
«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev ilk günlərdən xalqın partiyası kimi etimad qazanan YAP-nı əqidəsinə sadiq insanların təşkilatı adlandıraraq partiyanın yarandığı siyasi şəraitin mürəkkəbliyindən söz açdı. Xalqı məhrumiyyətlərdən, Azərbaycanı dağılmaqdan xilas edən Ulu Öndərin Bakıya qayıdışını müstəqilliyimizin əbədiyyət tarixi adlandırdı. Partiyanın Proqram və Nizamnaməsini ölkəmizin gələcək həyatının strateji əhəmiyyətli istiqamətləri kimi dəyərləndirdi. Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strategiyaya uyğun dinamik inkişafından bəhs edərək, ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən konkret proqramların, qlobal enerji, nəqliyyat layihələrinin əhəmiyyətindən danışdı :
- Hər bir yubiley həm də hesabat ilidir. Partyanın 27 ildə qazandığı uğurları bu gün hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkəmizin Qərb ilə Şərq arasında körpü rolunu oynaması, sivilizasiyalar məkanı kimi tanınması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyada mövqeyini möhkəmləndirir.
Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsini, dialoqların inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir.
Tədbirdə YAP Yasamal rayon təşkilatının bir qrup fəalına Fəxri fərmanlar, partiya üzvlüyünə qəbul olunanlara vəsiqələr təqdim olundu. Mərasim bədii hissə ilə davam etdirildi.
Xuraman İsmayılqızı,
Vüsal Cahanov, «İki sahil»