12 avqust 2020 10:28
2071

YAP Nəsimi rayon təşkilatı Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirib FOTO+VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və onun Gənclər Birliyi iyulun 12-də işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayon ərazisindəki sərhədlərinə təxribat xarakterli silahlı təcavüzünün qarşısını alarkən şəhid olmuş zabit və əsgərimizin xatirəsinə həsr edilmiş videoanım tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı cari ilin 12 iyul tarixində işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisi boyunca sərhədlərini və yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutmasından və törətdiyi hərbi cinayətdən bəhs edib. O, dünya birliyinin və ATƏT-in Minsk qrupunun susqunluğunu və fəaliyyətsizliyini tənqid edərək tezliklə Azərbaycan xalqının, onun qüdrətli Milli Ordusu və fəaliyyəti boyu dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyət və prinsipiallıqla müdafiə edən Ali Baş Komandanın əzmi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini bildirib. M.İbrahimqızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş qisas əməliyyatı barədə gənclərə məlumat verib. Deputat çıxışında Tovuz döyüşlərinin xalq-ordu-Ali Baş Komandan sarsılmaz birliyini və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Fatma Yıldırım Tovuz döyüşlərində Azərbaycan Ordusunun düşmənə qarşı göstərdiyi şücaətdən, onların bu müharibədə, Qarabağın azad olunma tarixinə qəhrəmanlıq səhifəsi yazdıqlarından danışıb.

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov şəhidlərimizin tariximizin əbədi ölməzlik və şərəf səhifəsi olmasından bəhs edib. O, ölkə başçısının “Azərbaycanın hər bir gənci qəhrəman şəhidlərimizdən örnək götürməli və onlara oxşamalıdır” tezisini xatırladaraq şəhidlərin bugünkü və sabahkı gənclər üçün nümunə və örnək olacağına əmin olduğunu bildirib.

Tədbir YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş xüsusi proqramla davam edib. Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarxın təqdimatı, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvləri Səddam Məmmədovun ifasında şəhid Xəyyam Daşdəmirovun son nəfəsində anasına yazdığı məktub və Mələk Qədirlinin təqdimatında YAP fəalı Rəna Süleymanlının polkovnik İlqar Mirzəyevə həsr etdiyi şeir tədbir iştirakçılarına duyğusal anlar yaşadıb.

Sonda şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəalı Elvin Mirzəyev atasının qəhrəmanlığından, onun Vətən, dövlət və millət sevgisindən danışıb. Şəhid övladı Ali Baş Komandanın ona zəng etməsini, atasının hünər dolu şücaətindən danışmasını yüksək qiymətləndirməklə gələcəkdə özünün də atasının yolunu davam etdirəcəyinə Ali Baş Komandana söz verdiyini xatırladıb. Elvin Mirzəyev sonda Tovuz şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirə görə ailəsi adından minnətdarlığını bildirib.

                                                                                                                                                                           Ceyhun Piriyev, “İki sahil”