16 yanvar 2021 17:30
400

YAP Sabirabad rayon təşkilatının yaranmasından 28 il ötür FOTO

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı yaranmasının  28-ci ildönümü münasibəti ilə online videoformatda konfrans keçrilib. 

“İki sahil” xəbər verir ki, əvvəlcə partiya əməkdaşları  Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonunda yeləşən abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra videokonfransda çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bu əlamətdar gün münasibətilə partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi və bütün partiya üzvlərini təbrik edib. O bildirib ki, YAP  Sabirabad rayon təşkilatının təsis edilməsinin 28-ci ildönümü Azərbaycanın rəşadətli Ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə əlaqədar xalqımızın böyük bayram əhval-ruhiyyəsi və coşqusu ilə üst-üstə düşür. Hesab edirəm ki, YAP Sabirabad rayon təşkilatı  öz tarixində ən şərəfli, ən yaddaqalan ad gününü qeyd edir. YAP Sabirabad  rayon təşkilatının sədri Məleykə Ağayeva  partiyanın 28 illiyinə həsr olunmuş mövzuda məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Təşkilat sədri qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi  ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

28- ci ildönümü qeyd edilən partiya təşkilatının yaranma tarixindən danışan sədr qeyd edib ki, 1993-cü il yanvar  ayının 16-da Sabirabadda  YAP rayon təşkilatının təsis konfransı keçirilmiş və 200 nəfərə yaxın partiya təsübkeşinin  iştirakı ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı yaranmışdır. YAP Sabirabad rayon təşkilatının ilk sədri ictimai-siyasi xadim, dövlət müşaviri, mübariz və əzimkar siyasətçi mərhum Rüstəm Rüstəmov seçilmişdir. 

Sonda rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edən bir qrup partiya fəalı diplom, sertfikat və fəxri fərmanla təltif olunub.