10 oktyabr 2019 17:05
78

YAP Səbail rayon təşkilatı idarə heyətinin növbəti iclası keçirilib

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ölkəmizin ictimai-siyasi həyatında baş verən son hadisələr, ölkə başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı tarixi çıxışının əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Azərbaycan bütün sahələrdə dinamik inkişafını davam etdirir. Beynəlxalq təşkilatlar ölkə əhalisinin rifahının ildən-ilə yaxşılaşması istiqamətində aparılan sosial islahatları yüksək qiymətləndirir. Azərbaycan bir çox sosial-iqtisadi göstəricilər üzrə beynəlxalq hesabatlarda ilk sıralarda qərarlaşıb. Müstəqil Azərbaycan regionda aparıcı ölkə kimi beynəlxalq nəqliyyat və enerji layihələrini reallaşdıraraq iqtisadi gücə çevrilib. Qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Bu uğurlar bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və onlar ölkədə sabitliyi pozmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu cür qüvvələrə qarşı mübarizədə fəal olmalıdır.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi, partiyanın siyasi mübarizə formalarının müasir dövrün çağırışlarına uyğun qurulması, sosial şəbəkələrdə işin səmərəliliyinin yüksəldilməsi, ərazi ilk partiya təşkilatları sədrlərinin fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.