20 noyabr 2019 19:34
873

YAP xalqımızın sevgisini və etimadını qazanaraq ümumxalq partiyasına çevrilib

Azərbaycanın dövlət müstəqilliyinin əvvəllərində bütün sahələrdə tənəzzülün yaşandığı bir dövrdə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlər göstərib. Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurlar, respublikamızın sosial-iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin yaratdığı bu partiyanın fəaliyyəti ilə bilavasitə bağlıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə Yevlaxda keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək, iştirakçıları YAP-ın yaranmasının ildönümü münasibətilə təbrik edib, partiyanın respublikanın həyatında oynadığı roldan danışıb. Bildirib ki, müstəqillik tariximizin son 27 ilinə nəzər saldıqda Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinin, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin məhz ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu aydın görə bilərik. Qüdrətli dövlətimizin, müasir Azərbaycanın nailiyyətləri və tarixi uğurlarından bəhs edildikdə, əlbəttə ki, öncə Heydər Əliyev və böyük liderin banisi olduğu Yeni Azərbaycan Partiyasından danışmaq lazımdır.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edərək mühüm nailiyyətlərə imza atıb. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın sevgisini və etimadını qazanaraq, ümumxalq partiyasına çevrilib.

YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır.

Tədbirdə YAP Yevlax rayon təşkilatının rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrildiyi bildirilib. Qeyd edilib ki, 1993-cü il iyulun 17-də əsası qoyulan YAP Yevlax rayon təşkilatının üzvlərinin sayı davamlı artmaqdadır. Hazırda YAP Yevlax rayon təşkilatının 9229 nəfər üzvü var.

Sonda rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.