05 dekabr 2019 18:26
1134

YAP xalqın inamını qazanmış siyasi təşkilatdır - FOTO-VİDEO

Çilov qəsəbəsində YAP tərəfindən  namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə görüşü keçirilib

23 dekabr  2019-cu il tarixdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində dekabrın 5-də Pirallahı rayonu Çilov qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən  namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə görüşü keçirilib.

Tədbirdə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin və  partiyanın rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov,  rayonda yerləşən idarə və təşkilatların nümayəndələri, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən qadınlar və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı  rayon təşkilatının sədri Hikmət Şikarov rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq gənclərin idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də gənclərin rolunun əvəzsiz olduğunu qeyd edib. Seymur Orucov qarşıdan gələn bələdiyyə seçkilərində gənc və xanım namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxış edərək respublikamızda dövlət gənclər siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də layiqli gənc  namizədlərin sayının kifayət qədər çox olduğunu və bu yöndə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin də yaxından iştirak etdiklərini deyib.

Sonra  partiya fəalı Tosif Mahmudov və bələdiyyə üzvlüyünə namizədlərdən Məmləkət Qaraçobanova və Amil Məmmədov Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatınını sədri Hikmət Şikarov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq və hər bir namizədə uğurlar arzulayıb.

Orxan Vahidoğlu,

Nurlan Məlikzadə (foto), “İki sahil”