07 mart 2015 15:33
949

Yaradıcı qadınlarımız - “Silahdan da kəsərli söz zamanında, yerində işlədiləndə təsirli olur”

Söyləyən Azərbaycan Yazıçılar Birliyinin üzvü Sara Bağırova bütün romanlarında oxucusunu keçmişə aparır, bu günün reallıqlarına istinad edir, gələcəyə inamla baxır

Oxucuları ilə görüşə özü haqqında qısa tanışlıqdan başlayan, yazdığı kimi var olan hər kəsə qucaq açan bu dünyada yaşadığı üçün özünü xoşbəxt hesab edən, “niyə yazdığımı bilmirəm” desə də tək özü ilə danışmaqla kifayətlənməyib, ürəyindən keçənləri, düşüncələrini, söz boğçasının incilərini oxucuları ilə bölüşmək istəyən Sara Bağırova bu günümüzə keçmişimizin, uşaqlıqdan bağlandığı nağılların gözü ilə baxmağı sevir.

“Əjdaha mağarası”, “Bir damla ümid”, “Lövhədəki yazı”, “Yaşanılmayan illər”, “İstəyərək ayrılmışdıq” adlı romanları ilə bədii yaradıcılığını “ələk-fələk edən” xəyallarında qurduğu dünyası ilə reallığı müqayisəli təhlil edən Sara xanım ürəyini titrədən, qəlbindən keçən hər sözü obrazlarının dili ilə çatdırsa da əsas qayəsi insanlığı, xeyirxahlığı, ədaləti, elinə obasına bağlılığı aşılamaq, ən başlıcası isə Azərbaycan qadınlarına xas olan dürüstlüyü, sədaqəti, evinə, ailəsinə etibarı sözün qüdrəti ilə bildirməkdir. Hadisələrə yaşlı nəsillə müasir gəncliyin düşüncələrini, həyata baxışını, zamanın tələbini araşdırıb, müqayisəli şəkildə çatdırmaq, ortaq nöqtəyə gəlməklə hər kəs üçün vacib olan xüsusiyyətləri qabartmaq, təbliğ etmək niyyəti Sara xanımın əsas məqsədidir.

Kitablarının hər biri müxtəlif mövzulardan, ayrı-ayrı zamanlarda baş verən hadisələrdən bəhs etsə də, yenə əsas süjet xətti qadın dəyanəti, xeyirxahlıq, humanistlik, cəmiyyətdə yalnız yaxşı insan kimi qalmaq istəyi, ideyası üstünlük təşkil edir.

Azərbaycanlılara məxsus “yerinə, yurduna, torpağına, obasına bağlılıq” kəlmələri “Əjdaha mağarası”nın əsas qayəsini təşkil etdiyi kimi biri-birinə dayaq olmaq, dar gündə sınanmaq amili də diqqəti cəlb edir. Kitabda Humay, Aypara, Zöhrə, Nurgünəş Mədinə, Arzu adlı bölmələrlə bir nəslin şəcərəsini araşdırmaqla adı çəkilən obrazların simasında Azərbaycan qadınlarının qeyrəti, mətanəti, dəyanəti, dönməzliyi, yeri gələndə sərtliyi və inadkarlığı sayəsində məqsədinə nail olmaq üçün göstərdikləri cəfakeşliyi hadisələr fonunda göstərilir. Müəllif yeri gəldikcə xalq yaradıcılığının nümunələrinə müraciət edir, gələcək nəsilə böyük zənginliyə, qədim tarixə malik olduğumuzu, adət-ənənələrimizi diqqətə çatdırmaqla babalarımızdan, nənələrimizdən ərmağan qalan müdrik kəlamlardan istifadə etməklə yaşatmağa çalışır.

Bir ulu nəslin davamçıları olan adları çəkilən qadınlar həyatda nə qədər çətinliklərlə rastlaşsalar da taleyin qismətlərinə yazdığı çətinlikləri aradan qaldırmağa qüdrətləri çatır, günahları bağışlamaq üçün böyük ürək sahibi olduqları inandırıcı şəkildə oxucuya çatdırılır. “Yurdsuzların” min bir əzab-əziyyətlə qurub yaratdıqları yurd yerinin heç nə ilə əvəz olunmayacağını bildirir. Müəllifin qeyd etdiyi kimi “ata-anasının günahından yaranıb yaşadığı dünyada rahatlıq tapmayan, məhəbbətlərini tam olaraq yaşaya bilməyib tənha qalan, nəticəyə, kötücəyə qədər çayır otunun zoğu kimi uzanıb nəsil ola bilməyən qızların” həyat hekayəsindən bəhs edən “Əjdaha mağarası” oxucunu maraqlandıran, təəccübləndirən, bəzən də təşvişə salan hadisələrlə zəngin olan nakamların həyat dramıdır. Amma əsas odur ki, bütün çətinliklərə baxmayaraq bütün hallarda qadınlar onlara miras qalan dəyanəti həyat simvolu kimi yaşatmaqla xəyanəti heç zaman bağışlamırlar.

“Yaşanılmayan illər”də olduğu kimi. Namirlə Aygülün məhəbbətindən bəhs edən bu əsərdə Sara xanım iki dostun sonradan bir ailə kimi birləşməsini sədaqət rəmzi kimi oxucuya çatdırır. Valideynlərin dostluğundan yaranan məhəbbətin ülviliyini bütün sınaqlardan çıxararaq qoruyub saxlayan gənclər eyni zamanda xəyanətə meydan oxuyur, ailə müqəddəsliyini, səmimiliyi əvəzolunmaz duyğu kimi yaşadırlar. Nə qədər çətinliklərlə üzləşsələr də birlikləri ilə xəyanətlərə qalib gəlirlər. Bu hisslər “Bir damla ümid”də də yaşanır. Taleyə yazılan qismətdən kənarda heç nəyin mümkün olmadığını həyatın sınaqlarından keçirən, varlığına güvənərək dərk edən Leylanın simasında da aydın görünür.

Ümumiyyətlə, Sara xanımın bədii təxəyyülündən ərsəyə gələn bütün qadınların həyatı bir məktəb, ömür salnaməsi kimi oxucuya yol, gənclərə nümunə göstərir. “Hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyimi Sara xanımın yaradıcılığından qırmızı xətt kimi keçir. Müəllif bildirmək istəyir ki, həyatda heç nə asanlıqla qazanılmır. Halal zəhmət, çətinliklərdən qorxmamaqla inçan bütün istəklərinə nail ola bilər. Təki özünə, sabaha inamı olsun. Özünü cəmiyyətdən kənarda hiss etməyəsən. Məhz belə inama sahib olan Leyla gözlənilmədən taleyinə yazılan qismətin üzünə gülməsi ilə həyatda özünə cığır açır. Böyük yola çıxmaq üçün ona göstərilən xeyirxahlığı, yaxşılığı qiymətləndirir, lazım gələndə başqalarına gərək olduğu üçün qəlb rahatlığı tapır.

Narahat insanların neçə ağır əzablara düçar olmasını “Lövhədəki yazı”sında açıqlayan müəllifin müraciət etdiyi növbəti ünvan hamının yaddaşında xoş xatirələrlə iz salan məktəb illərini əhatə edir. “Tənbölənlər” sinfinin şagirdlərinin məktəb həyatını, gələcəyini lövhəyə yazılmış bir cümlənin əhatəsində formalaşdıran Sara xanım sanki yenidən məktəb illərinə qayıdır, parta arxasında oturur, əlini təbaşir tozuna bulaşdırır. Uşaqlaşır, məktəb həyatının silinməz izlərini xəyalında canlandırır. Məhz o xəyalların izinə düşərək onu düşündürən lövhədəki yazının müəllifini axtarır, soraqlaşır. Bununla da məktəb illərindən bələd olduğu yoldaşlarının həyatın sınağında dəyişən xüsusiyyətlərindən narahatlıq keçirir, onlara küsür, bəzilərini qınayır. Amma inadından dönmür.

Bütün romanlarında bildirmək istəyir ki, həyat onu sevənlərin, şıltaqlığına dözənlərin, sonda qalib gələnlərindir. 

“İstəyərək ayrılmışdıq” istəyərək ayrılıb, amma unuda bilməyənlərin həyat hekayəsidir” söyləyən Sara Bağırova bildirmək istəyir ki, ayrılmaq asan olsa da, yaşanan günləri ömür səhifələrində yaşatmaq qeyri-mümkündür. Çünki yaşanan hər günün sevinci, kədəri, ağrı-acısı insanların yol yoldaşı, həyat salnaməsidir. Bu romanını əvvəlkilərdən fərqli üslübda yazan Sara xanım iki gəncin kəsişən ömür yollarına bir gündəliyin izi ilə bələdçilik edir. Əsərin qəhrəmanlarının bəlkə də yaddaşlarından silinən hadisələri həmin gündəliyin fonunda əbədiləşdirərək ötənləri bir daha gündəmə gətirir. Harada haqlı, harada haqsız olduqlarını gənclərə bildirmək üçün belə bir yaradıcılq üslübundan istifadə edən müəllif bu sahədə də istəyinə nail olduğunu bildirir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Sara Bağırova bütün əsərlərində qarşısına qoyduğu məqsədə nail olan yazıçıdır. Ən əsası odur ki, hər kəsin real həyatda rastlaşdığı hadisələri inandırıcı şəkildə, özünəməxsus tərzdə qələmə alır. Oxucusunu hadisələrin ardınca aparmağı bacarır. Biri-birini tamamlayan süjet xəttini obrazların xarakterinə uyğunlaşdırır. Canlı olaraq təqdim edir. Obrazlarının daxili aləminə nüfuz edir, hər kəsi layiq olduğu tərzdə “danışdırır”, oxucusuna tanıtdırır.

Sara xanım gənclik illərindən təzəcə ayrılıb orta yaşlı nəsli təmsil edən məhsuldar qadın yazarlarımızdandır. Buna görə də əsərlərində gənclərə sözünü yaşlı nəslə istinadən deməklə onlara düzgün yol göstərir, həyatın enişli-çıxışlı yollarında büdrəməmək, sınaqlardan mətanətlə çıxmaq üçün “yüz ölçüb-bir biç” misalına uyğun yaşam tərzini seçməyi öyrədir. Sara xanıma yaradıcılıq yolunda uğurlar diləyirik. İnanırıq ki, üzərində işlədiyi növbəti romanı ilə oxucularını sevindirəcək.

Xuraman İsmayılqızı,

“İki sahil”