08 iyul 2020 14:38
873

Yəhudilərin Azərbaycanda məskunlaşmasına dair müzakirələr aparılıb

“Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində AvropaYəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və baş ravvini Sneor Seqalın iştirakı ilə videogörüş keçirilib.

"İki sahil" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan virtual tədbir “Avropa Yəhudilərinin Bakı dini icmasının tarixi və mədəniyyəti” mövzusuna həsr edilib. Tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, layihənin kuratoru Aydan İsrafilova açıb.

Tədbirin moderatoru – “Mənim yolum” Uşaq Mərkəzinin rəhbəri və Nyu-York şəhərinin dağ yəhudi icmasının nümayəndəsi Alyona Bədəlova qeyd edib ki, Azərbaycanda heç vaxt antisemitizm və ksenofobiya olmayıb, xalqımız tarix boyu multikultural dəyərlərə sahib olub və ölkəmizdə bütün dinlərin nümayəndələri müstəqil fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Əliyev yəhudilərin ölkəmizdə məskunlaşma tarixi, mədəniyyəti və mövcud vəziyyəti barədə məlumat verib, onların Azərbaycanda hər zaman antisemitizmdən uzaq, sülh, dostluq, qarşılıqlı anlaşma və tolerantlıq mühitində yaşadıqlarını nəzərə çatdırıb.

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və baş ravvini Sneor Seqal Azərbaycanda yəhudlərin keçmişi, məskunlaşması, həyat tərzi, sinaqoqları, onların neft sənayesinin inkişafındakı rolundan bəhs ediblər. Natiqlər II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunması üçün Azərbaycanın töhfələr bəxş etdiyini, Bakı sakinlərinin arxa cəbhədə əsl qəhrəmanlıqlar göstərdiklərini xatırladıblar. Ümümmilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə yəhudilərin həyatının çiçəkləndiyi və inkişaf etdiyi, onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində yəhudilərin burada özlərini doğma ocaqlarında olduğu kimi hiss etdikləri vurğulanıb.

Xatırladaq ki, “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi – Azərbaycandakı multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdən ibarətdir.