17 iyun 2019 12:00
1280

Yəmən üsyançıları Səudiyyə Ərəbistanının aeroportuna yenidən hücum edib

Yəmən üsyançıları - husilər Səudiyyə Ərəbistanının cənubundakı Abha şəhərinin hava limanına növbəti zərbə endiriblər.
AZƏRTAC PRESS TV telekanalına istinadla xəbər verir ki, hücum dronlar vasitəsilə həyata keçirilib. Digər təfərrüatlar barədə məlumat verilmir.
Ötən həftənin sonlarında husilər tərəfindən buraxılmış beş pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilmişdi. Şənbə günü üsyançılar Abha aeroportuna, bundan bir qədər əvvəl isə qonşu Cizan əyalətində yerləşən aeroporta raket atmışdılar.
Xatırladaq ki, Yəməndə silahlı münaqişə beş ildən çoxdur davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası üsyançılarla qarşıdurmada Yəmən prezidenti Mansur Hadinin qoşunlarını dəstəkləyir.