19 noyabr 2019 20:07
1594

Yeni Azərbaycan Partiyası dünya miqyasında güclü partiyadır

YAP Xətai rayon təşkilatının “Neftqaztikinti” tresti üzrə ərazi ilk təşkilatı partiyanın yaradılmasının 27 illiyinə həsr olunan tədbir keçirdi

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ilə əlaqədar bütün idarə və müəssisələrdə, partiyanın şəhər və rayon təşkilatlarında tədbirlər keçirilir,  keçdiyi zəngin və şərəfli yol təhlil olunur. YAP Xətai rayon təşkilatının “Neftqaztikinti” tresti üzrə ərazi ilk təşkilatının keçirdiyi tədbir də bu silsilədəndir.

Yeni Azərbaycan Partiyasının keçdiyi 27 illik yolu əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan SOCAR-ın “Neftqaztikinti” trestinin müdiri  Qağaməli Seyfullayev bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,     Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaranan YAP-ın keçdiyi 27 illik tarix  Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür.  28 illik müstəqillik tarixinə malik olan  Azərbaycanın uğurlarına   bələdçilik edən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi, sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirməsi   siyasi xəttinə sadiqliyi ilə bağlıdır. Dövlətə, xalqa xidmət daim partiyanın həyata keçirdiyi siyasətin  əsasında dayanıb. 27 illik şərəfli yolu təhlil etdikdə qazanılan uğurların fonunda bu reallıq öz təsdiqini tapır ki, güclü dövlət, xalqın yüksək rifahı partiyanın qarşıya qoyduğu əsas hədəf olub.

“Təbii ki,  hər dövrün öz çağırışları, tələbləri var. Yeni Azərbaycan Partiyasının yarandığı  dövrün tələbi ölkəni düşdüyü ağır durumdan, dövlət müstəqilliyini itirmək kimi təhlükədən  xilas etmək, ictimai-siyasi gərginliyi, iqtisadi böhranı   aradan qaldırmaq, ən əsası xalqda sabaha itən ümidi bərpa etmək idi” söyləyən Q.Seyfullayev  vurğuladı ki,  partiyanın yaradılması ilə bağlı ümumilikdə xalqın böyük  istəyini özündə ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətdə də bu  vacib məqam öz əksini tapmışdır ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi  güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın  bir neçə nəsli üçün də siyasi  yetkinlik məktəbi olar.

Trestin müdiri bildirdi ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır, cəmiyyətdə yeri və rolunu möhkəmləndirir, 750 minə yaxın üzvü sıralarında birləşdirməklə Heydər Əliyev ideyalarının təbliğatçısı kimi çıxış edir.

YAP Xətai rayon təşkilatının “Neftqaztikinti” tresti üzrə ərazi ilk təşkilatının üzvləri  Əli Qurbanov, Natiq Əliyev və başqaları çıxış edərək bildirdilər ki,   YAP-ın zəfərlər partiyası kimi təqdim olunması da onun biri-birini əvəzləyən əhəmiyyətli uğurlarına əsaslanır. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi inkaredilməzdir. Yarandığı dövrün tələbinə uyğun olaraq  “Yeni, müstəqil Azərbaycan uğrunda”  şüarı ilə seçkilərə qatılan partiya bu gün yeni hədəflərə doğru irəliləyir.  Bunun üçün  əsasların mövcudluğu göz qabağındadır.  Daim yeniliyə, müasirliyə üstünlük verən dövlətimizin başçısı İlham Əliyev atdığı addımlarında ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirməklə Azərbaycanın   dünya birliyində yeri və rolunun möhkəmlənməsinə, ən yüksək zirvələri fəth etməsinə  çalışır.

“27 illik şərəfli yol uğurlarımızın təhlili  və yeni hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir” söyləyən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, arxada qalan illərin  ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycan və onun reallıqlarıdır. Beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilən, sabitlik diyarı, ən islahatçı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın gələcəyinə inam böyükdür. Bu inamın təsdiqi uğurla həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və davamlı inkişafa yol açan Strateji  yol xəritələridir.  Məqsəd  Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu gün hər bir Azərbaycan vətəndaşından, xüsusilə  Yeni Azərbaycan Partiyasının hər bir üzvündən yeni-yeni hədəflərə  nail olmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, birgə addımlar atmaq  tələb olunur.

H.Mirələmov vurğuladı ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün 27 illik yubileyi böyük sevinc,  fərəh hissi ilə qeyd etməsi də bugünkü uğurlarımızdan qaynaqlanır. Bu günün reallıqları bir daha bizləri müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb,  bu faktı təsdiqləməyə sövq edir ki,  əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı,   xalqımızın təkidli tələbi ilə  ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, ölkəmizin inkişafı tamam başqa istiqamətdə gedərdi.  Bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün idi. Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət,  yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasıdır. Daim qeyd olunduğu kimi,  nə qədər ki,  müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

YAP Xətai rayon təşkilatının sədri  təşkilatın hər bir üzvünün ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirdi. Buna bariz nümunə kimi ölkədə keçirilən seçkilərdə rayon təşkilatının xüsusi fəallığı qeyd edildi.

Ölkəmizin bələdiyyə seçkiləri ərəfəsində olduğunu önə çəkən H.Mirələmov bildirdi ki, qələbələr partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası 23 dekabr-bələdiyyə seçkilərini də tarixinə uğur səhifəsi kimi yazacaq. Azərbaycanın demokratik inkişafı göz önündədir. Ölkəmizin demokratiya təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı kimi, islahatlar inkişaf, tərəqqi deməkdir. Təkmil islahatları ilə davamlı inkişafa nail olan Azərbaycanın qarşısında yeni-yeni imkanlar açılır.

H.Mirələmov  səmərəli fəaliyyətinə görə YAP Xətai rayon təşkilatının “Neftqaztikinti” tresti üzrə ərazi ilk təşkilatına  Fəxri fərman təqdim etdi.

Sonra təşkilati məsələlərə baxıldı.  İdarə heyəti, ərazi ilk təşkilatının sədri və müavinləri, gənclər təşkilatı seçildi. “Neftqaztikinti” trestinin müdiri Q.Seyfullayev ərazi ilk təşkilatının sədri seçildi.

Yeganə Əliyeva, “İki sahil”