18 sentyabr 2019 10:39
713

Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə gənclərlə görüş keçirildi

 Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, yaxşı yaşamağın,  layiqli vətəndaş olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir

    Dünən Bakı Biznes Mərkəzində  məktəblilər arasında ulu öndər  Heydər Əliyevə həsr olunmuş «Ən yaxşı təqdimat» inşa-yazı müsabiqəsinin qalibi olaraq ali məktəblərə qəbul olunmuş və Yeni Azərbaycan Partiyasının təqaüdünü alan bir qrup tələbə ilə görüş keçirildi.

   Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət edir.

   «Ən yaxşı təqdimat» müsabiqəsinin əhəmiyyətini qeyd edən Ə.Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışdı: «Artıq 15 ildir ki, Yeni Azərbaycan Partiyası bu müsabiqənin qaliblərinə  təqaüdlər verir. Hesab edirəm ki,  siz gənclərin ulu öndər  Heydər Əliyevin irsinə, şəxsiyyətinə,  siyasətinə münasibəti  müsabiqələr zamanı yazılan inşa yazılarında  ifadə olunub.  Siz gənclər tələbə adını qazanaraq  həyatınızda yeni mərhələyə qədəm qoymusunuz. Universitetlərdə təhsil alır, zəngin biliklərə yiyələnir,  Azərbaycanın gələcək mütəxəssisləri kimi hazırlanırsınız.»

    Ə.Əhmədov bildirdi ki, bu günümüzün gəncliyi  Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatını düzgün təhlil etmək üçün daha dərin biliklərə malikdir: «Gənclərimiz həyatlarının ən gözəl anlarını Azərbaycanın müasir tarixində yaşayırlar. Onlar, eyni zamanda, çox xoşbəxtdirlər ki, Azərbaycanın sürətli inkişafının bələdçiləridirlər.   Doğrudan da Azərbaycan tarixinin çox möhtəşəm dövrünü yaşayır.  Müasir dövrün gəncliyi sizsiniz.  Azərbaycanın bugünkü gəncliyi ilə qürur duyuruq. Güman edirəm ki,  biliklərə dərindən yiyələnməklə,  potensial imkanlarınızdan səmərəli istifadə etməklə Azərbaycanın davamlı inkişafına böyük töhfələr verəcəksiniz.»   

   Tədbirdə ulu öndər  Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr olunan kitabın həddiyyə olaraq veriləcəyini qeyd edən Ə.Əhmədov vurğuladı ki,  məqsədimiz budur ki, bu nəşr  stolüstü kitabınız olsun:  «Tələbənin  ən əsas məsuliyyəti kitab oxumaq, biliklərini daha da zənginləşdirməkdir. Kitabda ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar öz əksini tapıb. Azərbaycan gənc dövlətdir. Bəlkə də siz gənclərin yaşı imkan vermir ki, Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra   hansı  faciələrlə üzləşdiyi barədə  məlumatınız olsun. Hesab edirəm ki, yaşananları valideynlərinizin dilindən eşitmisiniz, yaxud kitablardan oxumusunuz.  Azərbaycan  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkibli tələbi ilə hakimiyyətə qayıdışından sonra çox böyük inkişaf mərhələləri keçib.  Çox  əzəmətli yüksəlişə nail olub.  Bakının gözəlliyi,  regionlaımızın dəyişən siması hər bir Azərbaycan vətəndaşında  xoş təəssürat yaradır. Paytaxt Bakımızın,  bölgələrimizin, kənd və qəsəbələrimizin   müasir siması ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış inkişaf strategiyası barədə aydın təsəvvür yaradır. Son 15 ildən artıq dövr ərzində Heydər Əliyev  siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycana daha möhtəşəm uğurlar qazandırıb.»

   Azərbaycanın 90-cı illərin əvvəllərində tamamilə başqa bir vəziyyətdə olduğunu qeyd edən Ə.Əhmədov vurğuladı ki, müstəqilliyimizin ilk illərində  ölkəmiz parlçalanmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı:  «İqtisadiyyat bərbad vəziyyətdə idi. İnflyasiya 1600 faizə çatmışdı.  Bu rəqəmi  təsəvvür etməyin nə qədər çətin olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Bu, o  demək idi ki, insanların aldığı əməkhaqqı hər an qiymətdən düşürdü.  Bu da maddi çətinlikləri daha da dərinləşdirirdi.  Əhalinin üzləşdiyi problemlər təkcə iqtisadi çətinliklərlə tamamlanmırdı.   Eyni zamanda,  özbaşınalıq hökm  sürürdü. Sabitlikdən, təhlükəsizlikdən danışmaq mümkünsüz idi. Ermənilərin Azərbaycana müdaxiləsi davam edirdi.  Torpaqlarımız  işğal edilirdi.  Digər bir tərəfdən  ölkənin daxilində  parçalanma prosesi gedirdi.  Separatizm geniş vüsət almışdı.  Başqa problemlər də mövcud idi. Ölkə təcridolunmuş vəziyyətə düşmüşdü. Azərbaycan həyatın  bütün sahələri üzrə  ağır dövrünü yaşayırdı.  İnsanlar gələcəyə inamlarını tamamilə itirmişdilər.»

    Ə.Əhmədov qeyd etdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf, tərəqqi yoluna qədəm qoydu: «Ölkədə sabitlik, təhlükəsizlik təmin edildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişi imlazandı.  İqtisadi böhran aradan qaldırıldı. İslahatlar həyata keçirildi. Həyatmızın hərtərəfli  dəyişməsinə imkan verən neft sazişi imzalandı.  Bir neçə gündən sonra «Əsrin müqaviləsi»nin imzalanmasının 25 illiyini qeyd edəcəyik. Ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması  investisiya axınını sürətləndirdi, Azərbaycana yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı.»

    YAP Sədrinin müavini onu da vurğuladı ki,  Azərbaycandan da zəngin neft və qaz ehtiyatlarına malik  ölkələr var: «Amma dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi,  bu təbii resurslar heç də həmin ölkələrə uğur gətirməyib. Həmin ölkələrdə əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrin təcrübəsinə istinadən hazırlaması bu problemlərin yaşanmamasını təmin etdi. Neft-qaz gəlirlərinin  idarə olunmasında şəffaflıq prinsipinin qorunması  əhalinin yüksək rifahının təmin edilməsinə xidmət edən davamlı addımlara yol açdı.»

   «1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazıldı» söyləyən Ə.Əhmədov bildirdi ki, Ümummilli Liderin  Azərbaycan tarixində müstəsna xidmətlərinin miqyası o qədər  böyükdür ki, onların ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycandır.  İllər keçdikdə onun bu günümüz üçün  gördüyü işlərin əhəmiyyəti daha aydın görünür və yüksək dəyərləndirilir. Ulu öndər   Heydər Əliyevin bütün həyatı, fəaliyyəti, ideyaları özü-özlüyündə  islahatçılıq məktəbi, fəlsəfəsi idi. Heydər Əliyevin ideyaları  nəinki insanların qəlbində yaşayır,  eyni zamanda, həyata keçirilən siyasətdə özünün aydın  ifadəsini tapır.  Onun  ideyaları  sayəsində Azərbaycan daim inkişaf edir,  yüksəlir,  həyatımızın bütün sahələrində inkişaf sürətli xarakter alır.  Bugünkü  Azərbaycan Heydər Əliyev ideyalarının  təntənəsinin bariz ifadəsidr.  Bugünkü Azərbaycan inkişaf, tərəqqi,   yüksəliş, sabitlik, təhlükəsizlik deməkdir. Azərbaycanın bugünkü  reallıqlarının böyük  mənası var:  Gələcəyə ümid, gələcəyə nikbinliklə baxmaq, sabahımızın daha da yaxşı olacağına  inam.

    «Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir» söyləyən Ə.Əhmədov qeyd etdi ki,  savad, bilik,  müasir dünyagörüşü hər bir cəmiyyətin uğurlu gələcəyini müəyyən edən amillərdir: «Dövlətimizin başçısı İlham Əliyevin «neft kapitalını insan kapitalına çevirək» tezisi artıq reallıqdır. Bu istiqamətdə atılan addımlar gələcəyə ünvanlanıb.  Dövlət nə qədər zəngin təbii resurslara  malik olsa da, onların bitib- tükənməsi  qaçılmazdır.»

     Heydər Əliyev Fondunun təhsilin inkişafı istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu xüsusi qeyd edən Ə.Əhmədov bildirdi ki,  Fondun istər  məktəb tikintisi, istər  təhsilin inkişafı istiqamətində
 gördüyü işlərin miqyası genişdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində tikilən, yaxud yenidən bərpa olunaraq istifadəyə verilən məktəblərin sayına diqqət yetirmək kifayətdir.

  «Təbii ki, Azərbaycanın  bugünkü reallıqları bunlarla yekunlaşmır» söyləyən Ə.Əhmədov qeyd etdi ki, gələcəyə böyük inamla baxırıq: «Azərbaycanın gələcəyi daha gözəl olacaq.  İqtisadiyyatımız daha da inkişaf edəcək. Bu günümüzün təkmil sosial-iqtisadi islahatları davamlı uğurları şərtləndirir. İqtisadiyyatın şaxələndirilməsi  siyasəti uğurla həyata  keçirlir. İqtisadiyyatın inkişafı dövləti daha da güclü edir.  İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. 2019-cu il xüsusi mərhələ kimi qeyd olunmalıdır. Cari ilin arxada qalan dövründə dövlətimizin başçısı İlham Əliyev tərəfindən  iki sosial paketin  təsdiqlənməsi əhalinin sosial  müdafiəsinin daha da gücləndirilməsini  stimullaşdırır. Minimum əməkhaqqının, pensiyaların, ayrı-ayrı kateqoriyalardan olan şəxslərin,  xüsusilə tələbələrin təqaüdlərinin artırılması  insan amilinə verilən dəyəri bir daha nümayiş etdirir. Güman edirəm ki,  təqaüd bir tərəfdən tələbələrin sosial durumunun yaxşılaşdırılmasına köməklik göstərir, digər tərəfdən  onların daha dərin biliklərə yiyələnmələrini stimullaşdırır. Azərbaycan hökuməti bundan sonra da digər sahələr kimi, təhsilin də inkişafına diqqət və qayğısını artıracaq.  İldən-ilə  daha təkmil islahatlar həyata keçiriləcək.»

   O da vurğulandı ki, yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir: «Təəssüf hissi ilə qeyd etməliyik ki, münaqişə  bu günə qədər öz ədalətli həllini tapmayıb.  İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan fərqli  səviyyələrdə yaşayır.  Azərbaycan sürətlə inkişaf edir. Ermənistan iqtisadi böhran içərisində çabalayır.  Azərbaycan güclü, qüdrətli orduya  malikdir. Ermənistanın isə güclü ordudan danışması qeyri-mümkündür. İşğalçı dövlət bütün enerji layihələrindən kənarda  qalıb.  Ən vacib resurslardan biri olan insan resursu baxımından da  Azərbaycan və  Ermənistan tamamilə fərqli vəziyyətlərdədir. Azərbaycan müstəqilliyə qovuşanda əhalisinin sayı 7,2 milyon idi. Bu gün əhalinin sayı 10 milyondan çoxdur.  Ermənistanın əhalisi isə müstəqillik dövrü ilə müqayisədə daha da azalıb.  Baxmayaraq ki, rəsmi staitistikada fərqli rəqəmlər səsləndirirlər.  Reallıq budur ki,  əhali təxminən 2-2,5 milyondur. Göründüyü kimi, Azərbaycanın  inkişafı üçün böyük insan potensialımız mövcuddur. Gənclər  Azərbaycanın inkişafının əhəmiyyətli potensialını təşkil edir.»

         Qeyd edildi ki,   harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirməli, Heydər Əliyev irsinin təbliğatçısına çevrilməlidir. Gənc nəsil Heydər Əliyev irsini, ideyalarını dərindən öyrənməlidir. 
 Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Bu ideyaların reallığa çevrilməsi fonunda Azərbaycan daha da qüdrətlənir, zənginləşir, ən yüksək zirvələri fəth edir. 

     Heydər Əliyev ideyalarının təbliğatçısı olan Yeni Azərbaycan Partiyasının müxtəlif layihələr həyata keçirdiyini söyləyən  YAP Sədrinin müavini vurğuladı ki,  ən əhəmiyyətli layihələrdən biri  məhz gənclərin ulu öndər Heydər Əliyevlə bağlı düşüncələrinin təqdimatında əhəmiyyətli rol oynayan  müsabiqədir: «Müsabiqənin iştirakçısı olan  və ali məktəblərə daxil olan  tələbələrə partiyamız tərəfindən təqaüd verilir. Həmin tələbələrdən bir çoxu artıq ali təhsillərini başa vurublar, hazırda da xeyli sayda təqaüd alanlar var. Bu il isə həmin müsabiqənin qaliblərindən olan gənclərdən 40 nəfəri ali məktəblərə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alacaqlar. Bundan sonra da hər il keçirilən  müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa,  dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq.»

Ə.Əhmədov bildirdi ki,  bunun üçün  gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur: «Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Qeyd etdiyimiz kimi,  Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olacaq, səylə çalışacaqlar.»

   Tədbirdə çıxış edən  Azərbaycan Respublikası Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi  Aytəkin Hacıyeva,  ADA Universitetinin tələbəsi  Fatimə  Kisirovskaya və başqaları   göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, dövlətin bu diqqət və qayğısını biliklərini daha da zənginləşdirməklə,  Azərbaycanın davamlı inkişafına töhfələri ilə doğruldacaqlar.

Sonda xatirə şəkli çəkdirildi.

Yeganə Əliyeva,

 Vüsal Cahanov (foto),

«İki sahil»