15 iyul 2019 20:13
1198

Yeni layihə nələr vəd edir?

Hesablamalara görə, hər il Bakıda təxminən 1,5 milyon ton məişət tullantısı yaranır. Bu rəqəm Bakı şəhəri genişlənib inkişaf etdikcə daha da artacaq. Bu mənada paytaxtda tullantıların yığılması, emalı və çeşidlənməsi günün aktual məsələsinə çevrilib. Elə bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda yeni layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlayıb.

Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış layihənin icrasına 177 min əhalisi olan Nərimanov rayonunda start verilib. Belə ki, pilot layihə çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb. Narıncı konteynerlər kağız, karton, şüşə, metal və plastik, yaşıl konteynerlər isə qarışıq tullantılar üçündür.

Nərimanov rayonunun 38 saylı Mənzil Kommunal İstismar Sahəsində bu layihənin necə icra olunması ilə maraqlandıq. Müşahidələrimizə əsasən əvvəlcədən deyə bilərik ki, daha sakinlər tullantıları hara gəldi, necə gəldi atmırlar. Tullantılar ceşidlənərək narıncı və yaşıl konteynerlərdə cəmlənir. Zibilliklərin dolub daşması, yolun kənarına zibil atılması kimi hallara da bu ərazidə rastlaşmaq mümkün deyil. Həmin ərazinin sakinlərindən biri - Nizami Babaşov bizimlə söhbətində bildirdi ki, rayonun quruculuq və abadlıq işləri ilə daban-dabana zidd olan və estetik görünüşünə xələl gətirən belə hallar artıq arxivə qovuşmaqdadır. O, həmçinin qeyd etdi ki, ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda bir çox mühüm infrastruktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb: “Səhiyyə və təhsil müəssisələri, eləcə də yeni inzibati binalar istifadəyə verilib. Yaşayış binalarının milli memarlıq üslubunda yenidən qurulması, yeraltı piyada keçidlərinin, yeni yol qovşaqlarının salınması şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri bu gün də uğurla davam etdirilir”.

38 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İbrahim Əliyev “İki sahil” qəzetinə açıqlamasında əldə olunan nəticəni hazırlıq dövründə həyətlərdə sakinlərlə aparılan maarifləndirici-izahedici görüşlərin nəticəsi kimi xarakterizə etdi:  “Həmin görüşlərdə Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və könüllülər fəal iştirak ediblər. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər  paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar da yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik maarifləndirmə işlərini davam etdirirlər”.  Müsahibimiz, həmçinin vurğuladı ki, sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov mövzu ilə bağlı ona ünvanladığımız suala cavab verərkən paytaxtın artıq dünyanın mədəniyyət mərkəzinə çevrildiyini, hər ay burada müxtəlif səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun nəticəsində ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşdığını vurğuladı. O, Bakının öz təmizliyi və gözəlliyi ilə nümunə göstəriləcək şəhər halına gəldiyini, bütün görülən işlərdə ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu qeyd etdi. Müsahibimizin fikrincə, həyata keçirilən həmin layihə də bu işlərin məntiqi davamıdır.

O daha sonra icrasına iyulun 10-da start verilən layihənin həyata keçirilməsinin ilk günlərində müsbət nəticələr əldə olunduğunu söylədi: “Artıq sakinlər təmizliyə daha ciddi riayət etməyə başlayıblar. Təbii ki, bu, bizim hər birimizi sevindirir. Nəticədə rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantılarının həcmində artım müşahidə olunur. Bunu layihəni hazırlayan “Mott MacDonald” şirkətinin məsul nümayəndəsi də qeyd edib. Onu da deyim ki, gələcəkdə bu layihənin digər rayonlarda da tətbiqi nəzərdə tutulub”.

Müsahibimiz, həmçinin bildirdi ki, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyi normal səviyyədədir: “Bu layihənin həyata keçirilməsində əsas məqsəd isə Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini daha da təkmilləşdirmək, paytaxtı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıraraq daha gözəl məkana çevirməkdir”. İ. Kərimov bu layihənin şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəyini də əminliklə söylədi: “ Layihənin tam şəkildə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub”.

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən məlumata görə, rayon ərazisindən gün ərzində çıxan bütün məişət tullantılarının təxminən 30 faizi təkrar emala gedən materialdır. Yerdə qalan 70 faiz isə emal olunmayan qarışıq tullantılardır.

Qvami Məhəbbətoğlu, “İki sahil”