21 iyun 2019 10:10
1156

Yeni sosial paket vətəndaşların problemlərinə kompleks yanaşmanın təzahürüdür

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı  növbəti Sərəncamı ilk növbədə, Azərbaycan xalqının rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır”. Bu fikirləri  “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının minimum əmək haqqının artırılması ilə bağlı  imzaladığı Sərəncama münasibətində  bildirdi.

Baş redaktor qeyd etdi ki,  Azərbaycan  ictimaiyyəti bu addımı böyük ruh yüksəkliyi ilə qarşılayır və sosial inkişaf proseslərində xalqın rifahı naminə atılan addım kimi qiymətləndirir: “Ümumiyyətlə, sosial problemlərin həlli, vətəndaşların rifah halının yüksəldilməsi ilə bağlı atılan addımlar bilavasitə Azərbaycanın nəinki regionda, eyni zamanda,  beynəlxalq aləmdə insan amilinə verdiyi dəyərin sübutudur”.

Bəhruz Quliyevin sözlərinə görə, bu kimi qərarlar aparılan siyasətin mərkəzində insan amilinin dayanmasının göstəricisidir: “Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı davamlı olaraq bu qərarların bəhrəsini görür. Ölkənin iqtisadi inkişafı, ümumilikdə, Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir”.

Ekspert onu da bildirdi ki,  görülən işlər sabitliyin, Lider-xalq birliyinin nəticəsidir: “Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını növbəti dəfə təsdiqləyən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

Nilufər Mustafaqızı, “İki sahil”