13 avqust 2020 18:21
1546

Yeni taksilər xidməti yüksək səviyyəyə qaldıracaq

Hər ötən il ictimai nəqliyyat sektorundakı müsbət dəyişikliklər, infrastrukturun yenilənməsi sərnişinlərin ixtiyarına daha rahat tutumlu nəqliyyat vasitələrinin  verilməsi ilə yadda qalır. Artıq təkcə paytaxt Bakıda deyil, digər şəhərlərdə, rayon və qəsəbələrdə də ictimai nəqliyyat xidmətləri kifayət qədər yaxşılaşdırılıb,  məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin dövrün tələblərinə uyğun olaraq təkmilləşmə digər istiqamətlər kimi, nəqliyyat sahəsini də əhatə edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin xətti ilə 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən “LEVC TX” modelli yeni 100 ədəd "London taksi"sinin vətəndaşların istifadəsinə verilməsi də bunun bariz nümunəsidir.

Avqustun 12-də yeni taksilərlə tanış olan Prezident İlham Əliyevə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə taksilərin xüsusiyyətləri barədə məlumat verərək bildirdi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub: “LEVC TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir”.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Hazırda paytaxtda “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London “TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilirlər.

Göründüyü kimi, ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Məqsəd isə aydındır: insanlarımız daha rahat olsunlar, əziyyət çəkmədən nümunəvi nəqliyyat xidmətindən istifadə etsinlər.

Mənsumə Babayeva“İki sahil”