14 avqust 2019 20:47
82

Yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 56 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılıq baxımından çox əlverişlidir. Eyni zamanda, quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək.

Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir.

Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu müəssisələri icra edirlər.