08 avqust 2019 14:08
244

Yeniyetmə və gənclər “Narkomaniyaya yox!” deyirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi rayonundakı Gənclər evində “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində seminar-təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon polis idarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Ceyhun Şabanov və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.

Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib, yeniyetmə və gənclər “Narkomaniyaya yox!” deməyə çağırılıb.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Vidadi Fətullayev Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmanla Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını xatırladıb. Bildirib ki, ölkəmizdə narkomaniyaya qarşı uğurlu mübarizə məqsədilə beynəlxalq standartlara uyğun normativ-hüquqi baza yaradılıb.

İctimai Birliyin sədri BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayan Ermənistanın həmin ərazilərdən narkotiklərin istehsalı və daşınması üçün istifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Ermənistan dövləti narkotiklərin istehsalı, satışı və tranzitindən əldə etdiyi külli miqdarda gəliri yeni silahların alınmasına, terrorçu qrupların yaradılmasına və təliminə yönəldir. Bu siyasət həm region, həm də dünya üçün ciddi təhlükə mənbəyidir.

O, layihəyə verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına, İşçi qrupunun rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Layihənin eksperti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyevin keçdiyi təlimdən sonra iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanıb.

İştirakçılar çıxışlarında ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına, onların sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Üç gün davam edəcək seminar-təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.