15 may 2019 14:08
346

Yeraltı qaz anbarlarının strateji əhəmiyyəti

Neft və təbii qaz kimyəvi xüsusiyyətləri baxımından bir-birinə bənzəsə də, neftdən fərqli olaraq təbii qazın saxlanılması və nəqli daha çətindir. Neft dəmir yolu, dəniz yolu və quru yolu vasitəsi ilə asanlıqla dünyanın müxtəlif bölgələrinə nəql edilə bilir. Bu səbəbdən neft dünyada qlobal əmtəə olaraq qəbul edilir. Təbii qazın nəqli isə boru kəmərləri və dəniz yolu vasitəsi ilə həyata keçirilir. Dəniz yolu vasitəsi ilə təbii qaz maye şəklində vəya sıxılmış formada daşına bilir, bu da öz növbəsində böyük investisiyalar tələb edir. Belə ki, təbii qaz maye şəklində nəql olunarkən, ixracatçı ölkədə mayeləşdirmə, idxalatçı ölkədə isə qazlaşdırma terminallarının tikilməsinə ehtiyac duyulur. Bu səbəbdən qazın maye şəklində daşınması əsasən 4500 km-dən çox məsafələr üçün əlverişli sayılır.

Neftdən fərqli olaraq təbii qazın saxlanılması da çətindir. Belə ki, neft barellərə doldurularaq müxtəlif məkanlarda rahatlıqla saxlanıla bilir və bunun üçün böyük vəsaitlər tələb olunmur. Təbii qaz isə yer üstündə sadəcə maye şəklində və yer altında əsasən  3 müxtəlif formada saxlanıla bilir.

Tükənmiş neft və qaz yataqlarında Yeraltı mineral su hövzələrində 

Duzlu yerlərdə

Yeraltı qaz anbarları dünyada əsasən tükənmiş neft və qaz yataqlarında tikilir. Bu istiqamətdə təbii qaz, tələbatın az olduğu yay aylarında ucuz qiymətdən alınaraq anbarlara vurulur və tələbatın yüksək olduğu qış aylarında istifadə edilir. Hər nə qədər qaz anbarlarının tikintisi böyük investisiyalar tələb etsə də, ölkələr üçün bu anbarlar strateji əhəmiyyət daşıyır. Çünkü, ölkələrin iqtisadi inkişafına və enerji təhlükəsizliyinə böyük töhfələr verir. Belə ki, təbii qaz istilik sistemində, elektrik enerjisinin istehsalında, emal sənayesində, nəqliyyatda və digər bir sıra müxtəlif sahələrdə istifadə edilir.

Yeraltı qaz anbarları əsasən aşağıdakı məqsədlər üçün istifadə edilir.

Qaz kəsintilərinə qarşı sığortalanmaq məqsədi ilə: Gələcəkdə hər hansı siyasi, iqtisadi və texniki problemlərdən ötrü yaşana biləcək qaz kəsintilərinə qarşı ölkələr özlərini təminat altına almağa çalışırlar. Bu istiqamətdə, yeraltı qaz anbarlarının həcminin ölkələrin daxili tələbatının ən az 20%-i nisbətində olması enerji təhlükəsizlyi baxımından məqsədə uyğun sayılır.

Boru kəmərlərində qaz axınını balanslaşdırmaq məqsədi ilə: Bu əsasən qazın nəqlini həyata keçirən şirkətlər tərəfindən istifadə edilən metoddur.

Hasilatı tənzimləmək məqsədi ilə: İstehsalçı ölkələr/şirkətlər tələbatın aşağı olduğu yay aylarında istehsal etdikləri qazı ucuz qiymətə satmaq yerinə, anbarlarda saxlayaraq qış aylarında daha əlverişli qiymətlərə satmağı üstün tuturlar. 

Qiymət dəyişkənliyini azaltmaq məqsədi ilə: Bu da əsasən bazarda dalğalanmaların yüksək olduğu vaxtlarda müşahidə edilir.

Göründüyü kimi, qaz anbarları starteji baxımdan ölkələr üçün böyük əhəmiyyət daşıyır və dünyadakı qaz anbarlarının həcmi ildən-ilə artır. Hal hazırda qlobal miqyasda yeraltı qaz anbarlarının həcmi 417 milyard kubmetrdir. Bu rəqəmin 2021-ci ildə 530 milyard kubmetrə və 2035-ci ildə 640 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Gələcək illərdəki artımda xüsusi ilə Asiya ölkələrindən Çinin və Hindistanın böyük rol alacağı düşünülür.

Qaz anbarlarının həcminə görə dünyada ilk 3 yerdə olan ölkələr ABŞ, Rusiya və Ukraynadır.

Qrafik 1. Ölkələrə görə yeraltı qaz anbarlarının həcmi (2017)

Mənbə: Cedigas Hesabatı, 2018

Ancaq qaz saxlama həcminin daxili tələbat ilə nisbətinə görə Ukrayna dünyada ilk sırada qərarlaşır. Belə ki, Ukrayna daxili tələbatının 110% nisbətində qaz saxlama tutumuna sahibdir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Avstriya və Macarıstan bölüşür.

Qrafik 2. Ölkələrin qaz saxlama həcminin daxili tələbat ilə nisbəti (2017)

Mənbə: ABŞ Eİİ, Gas in Focus, BP Dünya Enerji Statistikaları 2017

Hər nə qədər qaz anbarlarının həcminə görə ABŞ və Rusiya dünyada ilk sıralarda qərarlaşsalar da, bu ölkələr müvafiq olaraq daxili istehlaklarının 17% və 18% nisbətində qaz saxlama tutumuna malikdirlər.

Ölkəmizdə isə Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir. Azərbaycanın illik qaz istehlakının 11,2 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 32%-i nisbətində qaz saxlama tutumunun olduğu görüləcəkdir. Bu göstərici ölkəmiz üçün yüksək hesab olunur. Belə ki, Azərbaycan qaz anbarlarının həcminə görə Türkiyə, Belçika, Çexiya, Xorvatiya, Bolqarıstan, Danimarka, Slovakiya kimi bir sıra Avropa ölkələrindən irəlidədir.  

Hazırda ölkəmizdə yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır. Nəzərə alsaq ki, ölkəmizin qaz hasilatı yaxın gələcəkdə “Abşeron”, “Ümid” kimi qaz yataqları və “Babək”, “Şəfəq-Asiman”, “Əşrəfi-Dan Ulduzu-Aypara”, “Zəfər-Məşəl”, Naxçıvan kimi perspektiv strukturların hesabına artırılacaq, yeni qaz anbarlarının tikintisinə qoyulacaq investisiyalar strateji baxımdan böyük əhəmiyyət daşıyacaqdır.

Emin Axundzadə,

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru