09 dekabr 2019 20:22
917

Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, ictimaiyyətin, ağsaqqalların və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, Əməkdar artist Nazir Rüstəmov qeyd edib ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

Qeyd olunub ki, əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bugünkü dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən videogörüntülər fonunda Əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə Əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, Əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında ulu öndər Heydər Əliyevin çox sevdiyi mahnılar səslənib.

Anım gecəsi Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

İsrafil Kərimov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü