23 may 2019 16:56
249

Yohanes Kars: Təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduq

İşçi qrupunun rəhbəri: "Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır"

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

Milli Məclisin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev bildirib ki, Azərbaycan Almaniya ilə münasibətlərinə böyük önəm verir və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir. 

O, belə səfərlərin sayının artırılmasının vacibliyindən danışıb. Söhbət zamanı qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verilib.

Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohanes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə Azərbaycanın çox inkişaf etdiyini və gözəlləşdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycana Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan regionda vacib rola sahibdir və Almaniya üçün çox vacib tərəfdaşdır.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əli Hüseynli, Tahir Mirkişili, Sevinc Hüseynova, Asim Mollazadə, hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael Kindsqrab iştirak ediblər.