20 sentyabr 2019 19:44
1488

Yol

Səməd Vurğun xalqın şairiydi, xalq şairiydi, könüllərin söz cəfakeşiydi. Bu cəfa­keş­liyi ömür bilirdi və bu səbəbdən son nəfəsinəcən bu yolun yolçusu oldu; Səməd Və­kilov Səməd Vurğun olan gündən yazdığı şeirlər könüllərin söz sultanıydı, neçə on il­lər­­dən sonra da belədir, həmişə də belə olacaq. “Könüldən-könülə yollar görünür” mis­­­rası şairin yol ifadəsinə də könül qədər sayğılı olduğunun təzahürüdü...

Həsrətlisini görən nənənin, ananın, bacının alğışına baxın, yolun ilahiləşdirilmə ça­la­­rına baxın! – Səni gətirən yola qurban olum! Bu, xalq hikmətidi, xalqın hikmətidi, müd­­riklikdi. Min illərdi yol urvatlı tutulur, tutulacaq da...

Şeirdə də, şeirin boyuna biçilmiş musiqiylə yaranan mahnıda da müəyyən hikmət olur. Belə mahnılardan birində deyilir ki, yol ömürdü, yol həyatdı. Əlbəttə ki, yol ömür­­dü, yol həyatdı. Ömür, həyat kəlmələrinin yozumlarından bi­ri də yol kəlməsinə bağ­­lıdı. Ömür yolu deyirik, həyat yolu deyirik, müharibədə öm­rün, həyatın Vətən üçün nə dərəcədə gərəkli olduğunu müəyyənləşdirən döyüş yolu deyirik...

Əlbəttə ki, yolu ömürləşdirən yolçularıdı; yolçusuz yol fağır yoldu, yetim yoldu. Yo­lu urvata yolcuları mindirir, sonuncu yolçusu yolun son nəfəsi, sonuncu yolçusunun ayaq izləri kəfənidi...

Yara­nı­şın­dan bir kimsədən umacağı olmayan yol həm də niyyətlilərin – niyyətin, mu­razlıların – murazın kirədarıdı...

Müharibə səbəbindən torpaqlarımıza səngərlər, səngərlər səbəbindən təzə yollar dü­şüb, el yolu dediyimiz dədə-baba yollarında silah-sursat maşınları, döyüş texnika­la­rı görünür, səngərlərə aparan təzə yollara çıxır. Təzə yollar müharibənin toludu əsgər­lərin açdığı yoldu, əsgərlərin yoludu – dönməzlik yoludu, qətiyyət yoludu, inam yolu­du. Məmləkət boyunca bütün yollar bu yolların duaçısıdı...

Ön xəttə çatanda el yolundan ayrılan təzə yol görürsən. Belə yollar məmləkət bo­yunca bütün yollardan fərqlənir; bu yolların yolçuları müqəddəs bir missiyanın icra­çı­­ları olan hərbçilərdi. Ona görə belə könüləyatımlıdı, ona görə bütün yollar ona can atır. Bu yol­ların başlanğıcı el yoludu, sonu – səngərin yaxası. Ön xətdə el yolundan ay­rılıb mövqelərə yaxınlaşan qədi­mi yollar da, müharibə səbəbindən yaranan təzə yol­ların da boyu səngərəcəndi. Təzə yollar sən­gərdə bitir, qədim yollar səngərdən o yana iş­ğal ömrü yaşayır; işğal olunmuş kəndlərimizdə yiyəsi köçkün düşən evlər hansı sı­xılcım­ları yaşayırsa, səngərdən o yana yolçusuz qalmış qədimi yollar da həmin sıxılcımların eynini yaşayır. Qədimi yolları səngərdən o yana ot-əncər basıb. Yüz il­lərlə insan yükünə görə qürrələnən bu yollar ot-əncər yükünün ağırlığına dözə bil­mir...

Azərbaycan əsgəri Ali Baş Komandanın  əmriylə torpaqlarımızı işğaldan azad etmək üçün ot-əncər basmış yollardan, üzü son güllənin atılacağı məqama sarı, nağıl­larda deyildiyi kimi, “təpələrdən yel kimi, dərələrdən sel kimi, badeyi-sərsər kimi” ke­çə­cək. Azərbaycan əsgəri qələbə qazanacaq, taleyinə işğal ağrıları yaşamaq yazıl­mış bu qədimi yollar ot-əncər yükündən can qurtaracaq. Duyumlular o yolların alğı­şı­nı eşi­dəcək: Surunuz yerisin, ömrümü təzələdiniz...

Bu yollar məni yazda-yayda da, payızda-qışda da dəfələrlə əsgərlərimizin əha­tə­si­nə yetirib. Səngərlərdə gərəkli mətləb alıb gərəkli mətləb vermişik, söz sözdən barı­nıb, söz sö­zə söykək olub, bir söz digərinin davamı, bir sözün davamı olan söz başqa sözün başlanğıcı kimi dinlənilib – səmimiyyətlə söhbətləşmişik. Hər dəfə düşüncə­lə­ri­min nur­lan­dı­ğı­nı hiss etmişəm. Güvənc yeri kimi gəldiyim səngərlərdə döyüş növ­bətçiliyi apa­ran əs­gərlər inamımı bayraq kimi göy üzünə dikəldib; bu yolda belə qüdrət var...

İndi döyüş növbətçiliyi aparan əsgərləri bir vaxtlar hərbi xidmətə bu yol gətirib; bu yollar mü­qəddəsliyin xidmətkarıdı. Böyük Qələbədən sonra bu yollar da yolluğunu itirəcək, əkilib-becərilən torpaqlara qarışacaq...

Avtobuslara quraşdırılmış manitorlarda diqqətimi həmişə bir yazı çəkir: “Bütün yollar Qarabağa aparır”. Ruhumuzun istəyindən süzülüb gələn reklamdı, ordumuzun ye­rinə yetirəcəyi əmri öncələyən bildirişdi, məmləkətimizin istəyinin ifadəsi kimi çır­pı­nan fikirdi. O yollardan bəziləri, hələlik, səngərlərdə qırılır. Yox, qırılmır, səngər­də nəfəs dərir, döyüşlərin ilk gülləsi eşidilincə onlar da “qollarını gərəcək”...

1993-cü ilin qışında Murovdağdaydım. Gecəni “Güzgü”də, çadırda səhər eləmiş­dik. Əslində, kirpik-kirpiyə dəyməmişdi – torpaqdan, ata yurdundan, el-oba həsrə­tin­dən, döyüşlərdən, qələbədən, ... danışmışdıq. Belə ayamlarda yolun yerini ancaq təx­min edə bilərsən. Dan yeri söküləndə bir boy da dikəlib üzü Kəlbəcərə gedən (apa­ran) yola sarı baxmışdım. Mənə elə gəlmişdi ki, qar basmış yolun havası çatmır. “Bu ha­vasızlıq təkcə qara-sazağa görə deyil, bu yol yüz-yüz illərlə yüzlərlə qışın şaxta-saza­ğını görüb. Şaxtaya, sazağa bac verməyib. Bu “havasızlıq” məhrəm yolçuların ayaq səs­lərindən, isti nəfəslərindən iraq düşmənin havasızlığıdı”, – demişdim.  Onda Bəh­ramın əli ərklə çiynimə enənə­cən gözlərim qar basdığına görə görünməyən – qar altın­da qalmış yoldan yığılmamışdı. “Döyüş əmri veriləndə üzü qələbəyə doğru qarı düz­ləyə-düzləyə gedəcəyik. Ruhu­muz­la görürük yolu, bu, öz yerində, bələdçimiz ruhu­muz, Vətənə sev­­gimiz, dövlətimizə sədaqətimiz olacaq”,  – Bəhram belə demişdi.

Haradan keçdiyini gözqaralı bildiyimiz bu yolun bir ildi insan yükü yoxdu. Yol tək­cə məntəqələri birləşdirən torpaq deyil, yol yolçunun ürəyinin təpəridi, dizinin ta­qə­tidi, mənzildən-mənzilə yetirən qüdrətdi. Yol başlanğıcla şərti sonun arasında mehr-ül­fətdi; Kəlbəcərə aparan yolun Azərbaycan əsgərinin ömür verəcəyi başlan­ğı­cın­da ürəyimizin gözüylə şərti sonu bildiyimiz Kəlbəcərə sarı baxmışdıq...

Bu düşüncələr içindəykən çadırdan ruhumuzun uçuntusuna dönən “Ruhani” eşi­dilmirdi. Sahibiydi. Bütün varlığıyla torpaq adamı, el adamı, elat adamı, xalq, millət ada­mı kimi tanıdığım və sevdiyim baş leytenant Sahib Aslanov. Bu necə gündə məni (və bizi!) saz havalarıyla neçə dəfə “öldürüb-diriltmişdi”. O anlarda mənə elə gəlmişdi ki, Sahibin bu “Ruhani”si uca ruhların bu mövqedə döyüş əmri gözləyən əs­gər­lə­rimizə iltimasıdı, tapşırmasıdı, tapşırması tamamlananda bələdçi kimi önə düşəcək, yolu ni­şan verəcək; “Ruhani”ni Azərbaycan əsgərinin yaxın sabahlardakı dö­yüşlərinə xəlqi-milli ruhun xeyir-duası  bilmişdik...

2016-cı ilin Aprel döyüşləri başa çatanda Lələtəpədəydim. Xeyli aralıda ermə­ni­lə­rin mövqeləri də görünürdü. Lələtəpədə dalğalanan bayrağımıza bağır basmışdım, öpüb gözlərimin üstünə qoymuşdum. Dö­yüşlərdə iştirak etmiş zabit və əsgərlərlə o bay­rağın kölgəliyində söhbətləşmişdik. Hamısının baxışlarında qətiyyət görmüşdüm, daha geniş miqyaslı döyüş əzmi, qələbə ruhu görmüşdüm. Bu miqyasın tam qələbə, Böyük Qələbə olacağını da duymuşdum. Qalibiyyət bayrağımıza postament olan Lə­lə­tə­­pə­nin yan-yörəsində yollar görmüşdüm. Ünvansız-filansız soruşmuşdum: “O yol­lar hara gedir?”. Sor­ğumu özümdən savayı kimsə eşitməmişdi. Və öz sualımı özüm ca­vab­landır­mışdım:

İnam zirvəsisən, Lələtəpəmiz,

Səni bayraq edən qollar görünür.

Sağın da, solun da yollardı...

Burdan

Şuşaya aparan yollar görünür!..

 

Ali Baş Komandan döyüş əmri verəndə o yolların hər biri Azərbaycan əsgərinin aya­ğına döşənəcək, Böyük Qələbəyə aparacaq. Həm də yaxın vaxtlarda...

Bu yollar ömrümüzdən keçəcək. Ona görə də bu günümüzdən keçib sabahlarımıza aparacaq. Onda “Yol ömürdü...” kəlmələri daha qətiyyətlə eşidiləcək...

Rəşid Faxralı